Accessibility links

Qazaxıstanda etiraz aksiyalarının onlarla iştirakçısı saxlanılıb


Qazaxıstanın bir neçə şəhərində müxalifətçilərin etiraz aksiyalarının iştirakçıları polis tərəfindən saxlanılıb. Hakimiyyətin dəyişdirilməsi şüarları ilə küçələrə çıxan etirazçılar həmçinin ictimai fəal Dulat Aqadilin istintaq təcridxanasında ölümünün araşdırılmasını tələb edib. Dulat Aqadil fevralın 25-də ölüb. Polis onun ölümünün səbəbini "kəskin ürək çatışmazlığı" ilə izah edib. Lakin sosial şəbəkələrdə 43 yaşlı Aqadilin bədənində mümkün işgəncə və ya döyülmə əlamətləri olan bir video göstərilib.

Almatıda etirazçılar şəhər meriyasının yaxınlığındakı Respublika meydanına yürüş ediblər. Azattık Radiosunun məlumatına görə, polis “Dat” müxalifət qəzetinin rəhbəri, jurnalist Ermurat Bali də daxil olmaqla 40-dan çox adamı saxlayıb.

Şimkentdə etirazçılar şəhər administrasiyası binası yaxınlığında toplaşıb. Polis burada təxminən 15 adamı nəzarət altına alıb. Aktobe şəhərində isə ondan çox adam saxlanılıb.

Qazaxıstanın paytaxtı Nur-Sultans şəhər administrasiyası binasının yaxınlığındakı Abay abidəsinin yerləşdiyi yerdə azı 14 nəfər saxlanılıb. Aksiya iştirakçıları üzərində "Diktaturaya yox”, “Rədd olsun cinayətkar Nazarbayev hökuməti”, "Dulat sistemin qurbanıdır" sözləri yazılmış plakatlar tutub.

Bəzi fəallar və müxalif jurnalistlər polisin etiraz aksiyalarının başlamasından əvvəl onlara yaxınlaşdığını bildirib. Almatıda “Oyan, Qazaqstan” hərəkatının fəalı Bayırjan Sabitov evindən polisə aparılıb. Jurnalist Asem Japisheva isə evdən çıxarkən saxlanılıb. İctimai fəal İrina Kim sosial şəbəkələrdə polisin onun evinin qarşısında nəzarət apardığını, fəal Marat Turimbekov isə "söhbət üçün" polisə aparıldığını bildiriblər.

XS
SM
MD
LG