Bu yay mövsümü dünyanın bir çox yerində isti rekord həddə çatıb. Belə ki, Selsi ilə müsbət 35 dərəcə isti hesab edilən yerlərdə temperatur 40-ı keçib. Yunanıstan meşələrində ölümlə nəticələnən yanğınlardan sonra ABŞ-ın Kaliforniya ştatının qərbində yanğınlar olub. Asiyanın bəzi şəhərlərində də temperatur rekord həddə çatıb. Yeni araşdırmaların nəticələri Qlobal İstiləşmə əlamətlərinin artacağı barədə xəbərdarlıq edir.
Kaliforniya ştatının rəsmiləri bir həftədən çoxdur davam edən meşə yanğınlarının ştatın tarixində ən böyük yanğınlar olduğunu deyir. Kaliforniya universitetinin alimləri iqlim dəyişikliyinin yanğınların daha tez başlamasına və daha uzun müddət davam etməsinə səbəb olacağını bildirirlər. Rəsmilər isə sakinləri buna hazır olmağa çağırır. Yanğınsöndürmə İdarəsinin direktoru Ken Pimlott: “Belə görünür ki, biz tarixin yanğın mövsümünün ən yüksək səviyyəsindəyik və bu, başlanğıc deməkdir.”
Meşə yanğınları Avropada da baş qaldırıb. Yunanıstan tarixində ən güclü yanğınlar keçən ay 90 nəfərin ölümü ilə nəticələnib. Hətta meşə yanğınları Avropanın şimal bölgələrində, İsveç və Latviyada da baş qaldırdı.
Avropa və Asiyanın bir çox şəhərləri istilik dalğaları ilə mübarizə aparır və temperaturun rekord həddə çatdığını deyirlər.
Havanın həddən artıq isti olması kənd təsərrüfatına da təsir edir. Fermerlər məhsulu vaxtından əvvəl yığmalı olur və çox isti hava şəraiti meyvə və tərəvəzin keyfiyyətinə təsir edir.
Yüksək temperatur Reyn çayının İsveçrə hissəsində balıqların məhv olmasına səbəb olur. İsveç ordusu isə Vaud regionunun fermalarındakı heyvanlara təcili olaraq su daşıyır. Region rəsmisi Denis Froidvoks: “Ordu bunları pulsuz edir, çünki biz fəlakət vəziyyətindəyik.”
Yeni araşdırmalar 2015-ci ildə Parisdə imzalanan iqlim razılığının getdikcə artan temperaturun qarşısını ala bilməyəcəyi barədə xəbərdarlıq edir. Ölkələr könüllü şəkildə temperaturu 2 dərəcə aşağı saxlamağa razılıq verib. Son araşdırmalar Avstraliya və Kopenhaqen universitetləri tərəfindən keçirilib. Hətta sazişi imzalayanlar vədlərinə əməl etsələr belə, buzlaqların əriməsi dəniz dibindən metan qazının çıxması kimi proseslər Yer kürəsində temperaturun 4-5 dərəcə artmasına səbəb olacaq. Bu isə öz növbəsində bəzi bölgələri həyat üçün yararsız edəcək. Eyni zamanda Avropa və Asiyada isti hava şəraiti adi hal almış olacaq.