Qırğızıstan rəsmilərinin bildirdiyinə görə, ölkənin iki regionunda fövqəladə vəziyyətin davam etdiyi bir vaxt yeni konstitusiyanın qəbul edilməsi ilə bağlı iyun ayının 27-nə təyin edilmiş referendum barədə müzakirələr gedir. İnsan haqları fəalları bu arada xəbər verir ki, polisin cənubdakı Oş şəhəri yaxınlığında Nəriman adlı özbək kəndində keçirdiyi əməliyyat zamanı iki nəfər qətlə yetirilib. Hadisə zamanı azı 17 nəfərin də yaralandığı bildirilir.
İyun ayının 10-dan bəri Oş və Cəlalabad şəhərlərində özbəklərlə qırğızlar arasında etnik zəmində baş qaldıran qarşıdurmalar nəticəsində təxminən iki min nəfərin qətlə yetirildiyi, dörd yüz minə yaxın insanın didərgin düşdüyü bildirilir. Bir çox özbək hələ də evlərinə qayıtmağa qorxduqlarını deyir.