İqtisadçı ekspertlər səbrsizliklə bu gün ABŞ hökumətinin fevral ayı üçün işsizlik hesabatını açıqlamasını gözləyir.
Onlar təxmin edir ki, keçan ay ABŞ iqtisadiyyatına 210 min yeni iş yeri əlavə olunub və bu, işsizlik səviyyəsinin dəyişməyərək 8.3 faizdə qalmasına səbəb olacaq. Yanvar ayında ABŞ 243 min yeni iş yeri açılmışdı. Artıq ardıcıl 3-cü aydır ki, iqtisadiyyata 200 mindən çox yeni iş yeri daxil olur.
Əmək haqlarını hesablayan şirkət bildirib ki, keçən ay özəl sektorda 216 min yeni iş yeri açılıb.
Son hesabatlar ABŞ iqtisadiyyatının 2008-ci ildən başlayan tənəzzüldən sonra asta-asta dirçəlməsi barədə nikbinlik yaradıb.
Keçən ilin avqust ayından bəri ABŞ-da işsizlik səviyyəsi 0.8 faiz aşağı düşüb.
Ancaq iqtisadçı ekspertlər deyir ki, insanların yenidən intensiv şəkildə iş axtarmağa başlaması işsizlik səviyyəsini yenidən artıra bilər. ABŞ-da yalnız aktiv şəkildə iş axtaran insanlar işsiz hesab olunur.