Accessibility links

Rəsmi Bakı İlqar Məmmədovla bağlı Avropa Məhkəməsinə cavab verib


İlqar Məmmədov
İlqar Məmmədov

Azərbaycan hökuməti REAL Hərəkatının lideri İlqar Məmmədovun işi ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin qərarının icrasının təminatı üçün Bakıya qarşı hüquqi hərəkətlərə başlamaq niyyətində olması barədə Avropa Şurası Nazirlər Komitəsinin xəbərdarlığına cavab verib.

Xatırladaq ki, oktyabrın 25-də Avropa Şurası Nazirlər Komitəsi Bakıya rəsmi xəbərdarlıq edərək bildirib ki, İ.Məmmədovun həbs edilməsi və uzun müddət həbsdə saxlanılması Avropa İnsan Hüquqları Konvensiyasının bəzi maddələrinin pozulması ilə müşayiət edilib.

Əsasən məhkəmə göstərib ki, müxalifətçinin təqib olunmasında və saxlanmasında məqsəd onu susdurmaq və ya hökuməti tənqid etdiyinə görə cəzalandırmaq olub.

Ancaq üç il keçdikdən sonra İ.Məmmədov hələ də həbsdədir. Odur ki, Nazirlər Komitəsi işin Avropa İnsan Hüquqları Məhkəməsinə qaytarılması prosedurunun başlanması haqda qərar qəbul edib. Məhkəmə əvvəlki qərarın yerinə yetirilməməsinin Konvensiyanın əlavə olaraq pozulması sayılmasına dair əlavə qərar qəbul edəcək.

Azərbaycan hökuməti noyabrın 29-dək öz rəyini yazılı formada təqdim etməlidir. AŞ Nazirlər Komitəsi məsələyə dekabrın 5-də qayıtmaq niyyətindədir.

"Azərbaycan hökumətinin AŞ Nazirlər Komitəsinə cavabında deyilir ki, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında İlqar Məmmədovun dərhal buraxılmasıyla bağlı tələbin olmadığına görə hökumətin məhkəmə qərarının icra yollarını seçmək ixtiyarı var. Əlavə olunub ki, hökumət məhkəmənin İlqar Məmmədovla bağlı qərarına uyğun olan gərəkli tədbirlər görəcək", REAL Hərəkatının İdarə Heyətinin üzvü Erkin Qədirli Facebook səhifəsində yazıb.

Hüquq müdafiəçisi Rəsul Cəfərovun fikrincə, hökumətin dəlilləri tutarlı deyil. İ.Məmmədovun Avropa konvensiyasının 18-ci maddəsi üzrə hüquqlarının pozulmasının tanınması faktı onun təqib edilməsinin siyasi xarakter daşıdığını təsdiqləyir. AİHM-in tarixində ərizəçilərin hüquqlarının pozulmasının tanınması il bağlı beş hal olub və onların hamısı azadlığa buraxılıb.

REAL Hərəkatının lideri İlqar Məmmədov 2013-cü il yanvarın 23-24-də baş vermiş İsmayıllı hadisələri ilə əlaqədar həbs olunub. Şəhərə asayiş bərpa olunduqdan sonra getməsinə baxmayaraq, İ.Məmmədov kütləvi iğtişaşların təşkilində, polisə müqavimət göstərməkdə ittiham olunaraq 7 il azadlıqdan məhrum edilib.

2014-cü ilin mayında AİHM qərara alıb ki, İ.Məmmədovun həbs edilməsi və həbsdə saxlanılması Avropa konvensiyasının bir çox müddəasının pozulması ilə müşayiət edilib və onun azadlığa buraxılmasını tələb edib.

XS
SM
MD
LG