Accessibility links

Rəsul Cəfərov: Qərb Azərbaycana siyasi məhbus məsələsində ciddi mesaj verməlidir


Rəsul Cəfərovla müsahibə
please wait

No media source currently available

0:00 0:11:22 0:00

Beynəlxalq təşkilatlar Turan İnformasiya Agentiyinin direktoru Mehman Əliyevin həbsini pisləyir və bunu Azərbaycanda son müstəqil kütləvi informasiya vasitəsinə hücum kimi qiymətləndirir. Hüquq müdafiəçiləri Mehman Əliyevin vicdan məhbusu olduğunu deyərək, onun dərhal azad edilməsinə çağırır. Azərbaycanda Siyasi Məhbusların Vahid Siyahısının hazırlanması üzrə İşçi Qrup isə bildirib ki, Mehman Əliyevin həbsi və Turan İnformasiya Agentiyinin bağlanması Azərbaycan hökumətinin insan haqları və azadlıqlar məsələsində güzəştə getmək fikrində olmadığını nümayiş etdirir. Azərbaycan rəsmiləri ölkədə siyasi məhbusların olmadığını bəyan edir. İnsan hüquqlari klubunun təsisçisi və sədri Rəsul Cəfərov Amerikanın Səsinin Amerika icmalı proqramında müsahibədə siyasi məhbusların yeni siyahısı və İşçi Qrupun hesabatından danışıb.

Hüquq müdafiəçisi yeni siyahıya adları salınmış şəxsləri qeyd edib.

“Hazırda avqustun 28-də təqdim etdiyimiz siyahıda 158 nəfər siyasi məhbus var. Onlar ən müxtəlif kateqoriyaları əhatə edirlər. Bura jurnalistlər, bloggerlər, şairlər, yazarlar, bir nəfər hüquq müdafiəçisi, inanclı fəallar, ictimai və siyasi fəallar, sosial etirazlarda iştirak etmiş şəxslər, bizim siyasi girov adlandırdığımız şəxslər və Səid Dadaşbəyli və onunla birgə həbs olunmuş şəxslər daxildir.”

Rəsul Cəfərov siyahının Avropa Şurasının 2012-ci ildə qəbul etdiyi qətnamədəki kriteriyalar əsasında hazırlandığı bildirib. Onun sözlərinə görə, siyahının hazırlanmasının əsas məqsədi siyasi məhbus məsələsinə ictimaiyyətin diqqətini artırmaqdan ibarətdir.

“Bizim burada əsas mesajımız ondan ibarətdir ki, biz hüquq müdafiəçiləri olaraq Azərbaycanda bu problemin mövcudluğundan narahatıq. Yəni bu problemi qaldırmaq və onun həllinə çağırışlar etmək məqsədi güdürük bu hesabatların hazırlanmasında.”

Rəsul Cəfərov rəsmi Bakının ölkədə siyasi məhbus probleminin olmadığı ilə bağlı mövqeyinə toxunaraq deyib ki, əvvəlki illər hakimiyyət tərəfindən siyasi məhbus siyahısına daha kəskin münasibət bildirsə də, bu dəfə belə reaksiya müşahidə olunmayıb.

Bizim burada əsas mesajımız ondan ibarətdir ki, biz hüquq müdafiəçiləri olaraq Azərbaycanda bu problemin mövcudluğundan narahatıq.

“Ümumi yanaşma bundan ibarətdir ki, Azərbaycanda siyasi məhbuslar probleminin olmadığı bildirilir hökumət tərəfindən. Biz əslində bunu anlayırıq o anlamda ki, biz inanmırıq ki, hazırda mövcud vəziyyətdə hazırkı hakimiyyət bu problemi etiraf etmiş olsun. Əslində, bu bizə heş maraqlı da deyil onların etiraf edib-etməməsi. Bizə lazımdır ki, bu adamlar azadlığa çıxsınlar. ”

Rəsul Cəfərov beynəlxalq təşkilatlardan gözləntilərdən danışıb.

“Azərbaycan könüllü olaraq bir sıra beynəlxalq təşkilatların qarşısında BMT olsun, ATƏT olsun, Avropa Şurası olsun insan haqları sahəsində öhdəliklər götürüb və həmin öhdəliklərə əməl etmədikdə avtomatik həmin təşkilatların digər üzvləri tərəfindən, xüsusilə də Qərb ölkələri hesab edilən, daha demokratik ölkələr hesab edilən dövlətlərin hakimiyyətləri tərəfindən bu məsələnin qaldırılmasını, daha ciddi şəkildə qaldırılmasını istəyirik. Və düşünürük ki, bu, həm də həmin ölkələrin, həmin dövlətlərin maraqlarına cavab verir, çünki Qərb ölkələrinin böyük əksəriyyəti özlərini demokratik, insan haqlarına və azadlıqlarına hörmət edən, öz öhdəliklərinə riayət edən ölkələr kimi elan edirlər, təqdim edirlər. Və bizim onlardan gözlədiyimiz reaksiya ondan ibarətdir ki, Azərbaycan hakimiyyətinə ən azından ciddi mesaj versinlər ki, onlar bu məsələni izləyirlər, ciddi narahatçılıq var bu məsələdə və problemlərin həll olunmayacağı təqdirdə bu, istər iqtisadi məsələlərdə olsun, istər maliyyə məsələlərində olsun, istər ümumilikdə sanksiyalarla nəticələnə biləcək məsələlər olsun, bu səviyyədə mesajlar vermiş olsunlar ki, həmin siyasi məhbuslar azadlığa çıxa bilsinlər.”

XS
SM
MD
LG