Accessibility links

Riçard Kazlariç: ABŞ Azərbaycan və Ermənistan arasında konkret məsələləri müzakirə etmək üçün birbaşa əlaqə yaratmaq məqsədilə işləməlidir


Riçard Kazlariç: ABŞ Azərbaycan və Ermənistan arasında konkret məsələləri müzakirə etmək üçün birbaşa əlaqə yaratmaq məqsədilə işləməlidir
please wait

No media source currently available

0:00 0:07:37 0:00

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kazlariç Amerikanın Səsinə müsahibədə Azərbaycan-Ermənistan sərhədində son gərginliklərdən sonra Rusiyanın vasitəçiliyi ilə atəşkəsin əldə edilməsi, Birləşmiş Ştatların artan gərginliklərlə bağlı bəyanatı və ABŞ-ın regionda davamlı sülhə nail olunması səylərini şərh edib.

Amerikanın Səsi: Səfir Kazlariç, Ermənistan və Azərbaycan çərşənbə axşamı günü Rusiyanın vasitəçiliyi ilə keçən il müharibədən sonra ən şiddətli toqquşmalar hesab edilən hərbi əməliyyatlara son qoyan atəşkəs əldə etdi. Birləşmiş Ştatlar son eskalasiya ilə bağlı dərin narahatlıq ifadə edərək, Ermənistan və Azərbaycanı gərginliyin azaldılması üçün dərhal konkret addımlar atmağa çağırıb. Siz bu son gərginliklə bağlı vəziyyəti necə qiymətləndirirsiniz? Bu situasiyada əsas rikslər nədən ibarətdir?

Riçard Kazlariç: Mən döyüşdə həlak olanların ailələrinə başsağlığı bildirmək istəyirəm. Mən Azərbaycan tərəfdən gənclərin fotolarını gördüm və bu, ürəyimi ağrıdır. Razılaşmanın əldə edilməsindən bir il sonra atəşəkəsə çağıran bu bəyanatın verildiyi vaxt hərbi əməliyyatların bərpa olduğunun şahidi olduq. Və hər zaman ən böyük bədəli ödəyən əsgərlər və onların ailələri olur. Amma sizin sualınıza cavab verərək, məni xüsusən də atəşkəsin əldə edilməsindən sonra bu il ərzində irəli getdikcə 2020-ci ilin noyabr bəyanatında yerinə yetirilməyən bütün məsələlərlə bağlı Ermənistan və Azərbaycan arasında şəxsi müzakirələrdə həqiqətən də irəliləyişin olmaması narahat edir. Mən hesab edirəm ki, hər iki tərəf döyüşün bərpasına gətirib çıxaracaq vəziyyətin inkişafına təkan verən ritorikaya üz tutdu. Ona görə də düşünürəm ki, bu, əldən verilmiş fürsətdir. Mən əmin deyiləm. Amma ümid edirdim ki, Rusiya indikindən fərqli rol oynayacaq. Biz bu dinc müzakirələrin mümkün qədər tez başlaya bilməsi üçün mühit yaratmaq üzərində işləməliyik. Hesab edirəm ki, Paşinyanla Əliyev arasında Rusiya tərəfindən təşkil edilən istər video, istərsə də birbaşa formatda keçirilməsi nəzərdə tutulan görüş uğursuzluqla nəticələnib. Fikrimcə, mesaj çox aydındır ki, əgər hər iki tərəf sərhədlər, nəqliyyat, qaçqın və məcburi köçkünlərin qaytarılması ilə bağlı birbaşa danışıqlara başlamasa, bütün stimullar yanlış istiqamətdə olacaq. Hesab edirəm ki, ABŞ-ın bu bəyanatı yaxşı idi. Bizim söhbətimizdən bir az əvvəl mən Rusiya Xarici İşlər Nazirliyinin də oxşar bəyanatla tərəflərə çağırış etdiyi haqda məlumat gördüm. Bu, yaxşıdır. Amma düşünürəm ki, Rusiyanın regionun müəyyən bir hissəsində yalnız Rusiya sülhməramlılarından ibarət qüvvələrin sülhümühafizə əməliyyatları ilə qeyri-məyyən atəşkəsdən kənara çıxacaq rolunun faydalı olduğu hələ sübut olunmayıb.

Amerikanın Səsi: Cənab səfir, hazırkı vəziyyətdə ən aktual məsələlər hansılardır? Sizin fikrinizcə, hər iki tərəfdən dərhal hansı addımların atması lazımdır?

Riçard Kazlariç: Atəşkəsin dərhal bərpa edilməsinin lazım olduğunu düşünürəm. Demək istəyirəm ki, bu, sadəcə olaraq belə davam edə bilməz. Ona görə də ümid edirəm ki, son 24, 48 saat hərbi əməliyyatlara gəldikdə status-kvo bərpa ediləcək. Fikrimcə, qarşılıqlı fəaliyyətə başlamaq üçün bəzi həll olunmamış sərhəd problemlərindən başlanmalıdır. Düşünürəm ki, bunun üçün Ermənistan və Azərbaycanın üz-üzə görüşməsi tələb olunacaq. Mən düşünmürəm ki, Moskvada kabinetdə rusların çıxara biləcəyi və razılaşma üçün əsas olacaq bir xəritə var. Bu barədə danışılmalıdır, partlamamış hərbi sursatlardan, minalardan danışlımalıdır. Yenə də deyirəm, bu problemin həllinə görə həm Ermənistan, həm də Azərbaycan məsuliyyət daşıyır və bunu birlikdə etməlidirlər. Bundan sonra isə üçüncü məsələ gəlir və mən bunu sırada bir qədər sonraya qoyuram, çünki bu, həqiqətən sərhəd məsələsində anlayış tələb edir. Bunlar nəqliyyat əlaqələridir. Bunlar noyabr bəyanatında qeyd edilib, lakin həll olunmayıb. Hesab edirəm ki, bu da yalnız sərhəd problemi həll olunandan sonra demirəm, amma ən azından müzakirələrin getdiyi vaxt ola bilər.

Amerikanın Səsi: Səfir Kazlariç, bəzi təhlilçilər Birləşmiş Ştatların sülh prosesində kifayət qədər aktiv rol oynamadığını qeyd edir. Sizcə, bunun səbəbləri nə ilə bağlıdır? Birləşmiş Ştatlar Ermənistan və Azərbaycan arasında davamlı sülhə nail olumasında səylərini intensivləşdirə bilərmi?

Riçard Kazlariç: Mən gözləyirdim ki, Birləşmiş Ştatlar bu vaxta qədər Minsk Qrupu vasitəsilə indi danışdığımız məsələlərin həllində daha fəal olacaq. Anladığım qədər Rusiya Vyanada ATƏT-in daha fəal iştirakına etiraz edib və bu, təəssüf doğurur.

Mən bilirəm ki, Minsk Qrupu ilə bağlı həm Ermənistan, həm də Azərbaycan tərəfdən noyabrda hərbi əməliyyatlardan əvvəl tənqidlər var idi. Amma mən deyirəm ki, Minsk qrupu olmasaydı, biz onu yaratmalı olardıq. Başqa sözlə, bu problemləri həll etməyə başlayacaq prosesdə vasitəçiliyə kömək edə biləcək beynəlxalq tərəfdaşlarla bir növ beynəlxalq struktur olmalıdır. Lakin nə Rusiyanın, nə də Minsk Qrupunun bu məsələdə açıq şəkildə tətbiq edə biləcəyi həll yolu yoxdur. Bu, həqiqətən də Ermənistan və Azərbaycan arasında siyasi müzakirələrdən asılıdır. Onlar baş tutmalıdır və bu olmasa, kənar qüvvələrin nə edə biləcəyindən əmin deyiləm. Baydenin hakimiyyətinin ilk ilində ABŞ-ın daha aktiv diplomatik müdaxiləsinin olmaması məni bir qədər təəccübləndirdi. Bəyanatlar faydalıdır. Düşünürəm ki, dediyim kimi, bu, bir gün əvvəl verdiyimiz bəyanat yaxşı bəyanat idi. Amma biz həqiqətən bundan kənara çıxmalıyıq. Düşünürəm ki, ABŞ müttəfiqlərimizlə, Fransa ilə, Aİ ilə, mümkün olduğu yerlərdə Rusiya ilə işləyərək, münaqişənin iki tərəfi arasında konkret problemlərin konkret həllini müzakirə etmək üçün birbaşa əlaqə yaratmaq məqsədi ilə işləmək üçün bir yol tapmalıdır.

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG