Accessibility links

Donald Tramp və Pentaqona ünvanlanan zəhərli zərfləri kimin göndərdiyi araşdırılır


ABŞ təhqiqatçıları içərisində zəhərli maddə olan və prezident Donald Tramp və Pentaqona ünvanlanan zərfləri kimin göndərdiyini müəyyən etməyə çalışır.

Gizli Xidmət bildirib ki, bazar ertəsi prezidentə ünvanlanan şübhəli zərfin Ağ Evə çatdırılmasının qarşısı alınıb.

Müdafiə nazirliyinin rəsmisi Amerikanın Səsinə bildirib ki, Pentaqona göndərilən və biri müdafiə naziri Cim Mattisə, digəri isə Hərbi Dəniz Qüvvələrinin əməliyyatlar şöbəsinin rəisi, admiral Con Riçardsona ünvanlanan məktublarda risin kimyəvi maddəsinin olduğu müəyyən edilib.

Pentaqonun Qüvvələrin Müdafiəsi Agentliyi kimyəvi maddəni Pentaqona ünvanlanan məktubları nəzərdən keçirərkən aşkar edib. Bu səbəbdən də məktub Pentaqon binasına daxil olmayıb.

Risin gənəgərçək bitkisinin toxumlarında olan təbii zəhərli maddədir. Bu maddəni qoxuladıqda, yedikdə və ya inyeksiya etdikdə, o, insanı 48 saat ərzində öldürə bilər.

ABŞ-ın Xəstəliklərə Nəzarət və Müalicə Mərkəzi bildirib ki, risin zəhərinə qarşı müalicə növü mövcud deyil.

XS
SM
MD
LG