Accessibility links

Riçard Hoqland: İdeal həll yolu demilitarizasiyalaşmadan keçir [Video-Müsahibə]


"Vaşinqton və Moskva Dağlıq Qarabağ kimi spesifik problemlərin həllində əməkdaşlıq edir"
please wait

No media source currently available

0:00 0:08:00 0:00

ATƏT Minsk Qrupunun amerikalı həmsədri Amerikanın Səsinə müsahibə verib

Amerikanın Səsi: Siz danışıqlarda hazırkı irəliləyişin səviyyəsindən razısınızmı?

Riçard Hoqland: Danışıqlar diplomatiyanın bir hissəsidir. Onlar bəzən təəccüblü dərəcədə tez keçir, bəzən də yaxşı səbəblərdən çox uzun sürə bilər. Mən deyə bilərəm ki, hazırda diplomatik proses və danışıqlarda mövcud vəziyyətdən məmnunam. Amma həmişə daha artıq inkişaf üçün imkan var.

Amerikanın Səsi: ABŞ tərəfləri aylardır prezident səviyyəsində görüş keçirməyə çağırır.

Riçard Hoqland: Tərəflərin real danışıqlar prosesinə ən yüksək səviyyədə qayıtması olduqca əhəmiyyətlidir. Prezidentlərin görüşü 2016-cı il apreldə hərbi əməliyyatlar dövrünə təsadüf etmişdi. İki prezident bundan sonra iki dəfə görüşmüşdü, Vyanada və Sank Peterburqda. Amma bu, hərbi zorakılıqlardan sonra baş vermişdi. Lakin fikrimcə, artıq bir neçə ildir yüksək səviyyədə real siyasi müzakirələr aparılmır. Buna qayıtmaq vaxtıdır. Buna görə də sentyabr ayında üç həmsədr səfir Kasprşiklə birlikdə prezidentlərin mümkün görüşünə hazırlıq üçün iki xarici işlər naziri ilə görüş keçirəcək. Onlar qərar verməlidir ki, bunu etmək istəyirlər. Mən bunun baş verə bilməsi ilə bağlı ehtiyatla nikbinliyimi bildirmək istəyirəm. Amma biz hələ bunu elan edə biləcəyinmiz bir məqamda deyilik. Biz bu hədəfə çatmaq üzərində işləyirik. Bununla bağlı nikbinliyimizi bildiririk. Baxıb görək nə olur.

Amerikanın Səsi: Siz rəsmi Bakı və Yerevan arasında hansı tezlikdə əlaqə saxlayırsınız?

Riçard Hoqland: Bunu bir neçə yolla edirik. Minsk qrupunun fransalı, rusiyalı və amerikalı üç həmsədri demək olar hər üç aydan bir iki ölkəyə, iki paytaxta səfər edir. Bizdə bir-birimizin mobil telefon nömrələri, email ünvanları var. Buna görə də həmsədlərdən biri xarici işlər nazirlərindən birinə və ya o birinə zəng edir. Əlaqə saxlamağın bir neçə yolu var, ya electron poçt vasitəsilə, ya da üz-üzə görüş. Üz-üzə görüş demək olar hər üç aydan bir keçirilir.

Amerikanın Səsi: Yeni təkliflər varmı, tərəflərə nə təklif olunur?

Riçard Hoqland: Biz çox uzun zamandır masa üzərində təkliflərdən danışmışıq. Biz bununla çox əhatəli bir sənədi nəzərdə tuturuq. Amma burada mərhələlər və pillələr var. Mən ümid edirəm ki, növbəti yüksək səviyyədə müzakirələr zamanı tərəflər çox ciddi şəkildə bildirəcək ki, onlar yekun nəticəyə gələ bilməsələr də, həyata keçirə biləcəkləri bir neçə şey var. Onda biz bu görüşdən çıxıb deyə bilərik ki, nəsə edə bilmişik. Mən buna ümid edirəm.

Amerikanın Səsi: Təmas xəttində atəşkəsin davamlı olaraq pozulması halları mövcuddur. Cəbhədə belə gərgin vəziyyətin mövcud olduğu halda, siz nikbinliyə hər hansı bir əsas görürsünüzmü?

Riçard Hoqland: Şəxsən mən özüm və mənim həmsədr həmkarlarım daha çox etimadın möhkəmləndirilməsi tədbirlərini görmək istərdik. Çünki çətin ərazidə bir-birinə qarşı yaxın məsafədə durmuş iki silahlı tərəf olanda nəzarətdən çıxa biləcək hər hansı bir insidentin baş verməsi riski mövcuddur. Buna görə də tərəflərin etimadın möhkəmləndirilməsi üçün bəzi tədbirləri qəbul etməsi məsələsini qeyd edirəm. Məsələn, snayperlərin geri çəkilməsi faydalı olardı. Misal üçün, təmas xəttində daha çox müşahidəçinin yerləşdirilməsi faydalı olardı. Təmas xəttində yeni elektron avadanlıq yerləşdirilməsi yaxşı olardı. Bu kimi tədbirlər. Mən bilirəm ki, hazırkı məqamda tam hərbisizləşdirilməni istəmək çətindir, baxmayaraq ki bu, yaxşı olardı. Ona görə də biz nəzarətdən çıxa biləcək hərbi insidentin mümkünlyünün azaldılmasına kömək edə bilən tədbirləri nəzərdən keçirməliyik.

Amerikanın Səsi: Hazırda ABŞ-Rusiya münasibətlərinin durumu ürəkaçan deyil. Vaşinqtonla Moskiva arasındakı əlaqələrin hazırkı vəziyyəti sizin işinizə necə təsir göstərir?

Riçard Hoqland: Sirr deyil ki, gələcəyə baxış, gələcək istəklər baxımdan Rusiya və ABŞ hazırda çətin diplomatik situasiya ilə üzləşirlər. Mən əvvəl dediklərimi yenidən təkrarlayacağam, çünki bu həqiqətdir. Tarixən hətta Vaşinqton və Moskva arasında əlaqələr çətin olanda belə, həmişə bizim çiyin –çiyinə çalışdığımız sahələr olub. Ola bilsin ki, xəbər başlıqları yaxşı görünmür. Ancaq spesifik məsələlərə, spesifik problemlərə gəldikdə biz əməkdaşlıq edirik və bu iş bu gün Dağlıq Qarabağda davam edir. Əvvəllər də demişəm və bunu olduğu kimi deyirəm. Mənim rus həmkarım səfir İqor Popova böyük hörmətim var. O və mən, o cümlədən fransız həmkarımız bir-birimizlə yaxşı yola gedirik. Mən bizim birgə işləməyimizdə, bir-birimizə müansibətlərimizdə heç bir dəyişiklik görməmişəm. Bizim üçün iş davam edir və biz bunu çiyin-çiyinə edirik.

Amerikanın Səsi: Problem həllinin ideal variantı sizin nəzərinizdə necə görünür?

Riçard Hoqland: İdeal həll yolu situasiyanın demilitarizasiyasına gətirəcək güzəştlərin tapılmasından keçir - elə bir yol ki, insanları, əhaliləri, ölkələri və bütövlükdə regionu sülh və əmin–amanlığa aparsın.

Amerikanın Səsi: Nəsə əlavə etmək istərdinizmi?

Riçard Hoqland: Göz dəyməsin, iki tərəf arasındakı təmas xəttində nisbi - və bunun nisbiliyini vurğulamaq istərdim – sakitlik olub. Ola bilsin ki, bu yayla əlaqədardır. Bizi bilirik ki, payızdan başlayaraq, məşğul olacağıq. Sentyabr və oktyabr aylarında çoxlu səfərlər və diplomatiya olacaq. Biz hamımız nəyə nail olacağımıza ümidlə baxırıq.

XS
SM
MD
LG