Accessibility links

Roma Papasının Milad mesajı


Roma Papası Fransis Müqəddəs Pyotr Bazilikasının mərkəzi eyvanından ənənəvi "Urbi və Orbi" Milad xeyir-duasında dünyanın "iqtisadi, geosiyasi və ekoloji qarşıdurmalar səbəbi ilə qaranlıq olduğu" bir çox yerlərini düşündüyünü, lakin "Məsihin işığı"nın bütün bunlardan daha böyük olduğunu bildirib.

Papa Fransis Yaxın Şərqdəki müharibə və münaqişələrdən əziyyət çəkən çox sayda uşaqdan danışaraq, Suriya, Livan və İraqı xatırladıb. “Davamlı ictimai və siyasi vəziyyətlərdə tez-tez insanlarığ evlərindən və ailələrindən məhrum edərək köçməyə məcbur olur” deyən Papa Afrika xalqlarının bu gününkü durumunu dəyərləndirib.

Roma Papası bundan öncə çərşənbə axşamı gecə yarısı dünyanın 1.3 milyard katolik xristianlarının qeyd etdiyi Milad bayramı münasibətilə dua mərasimində iştirak edib. İsa peyğəmbərin doğum gününü xatırladan Papa "Allah hamımızı, hətta ən pisimizi də sevməyə davam edir”, deyə bildirib.

Onun Müqəddəs Pyotr kilsəsində təntənəli Milad Bayramı müraciətini minlərlə insan canlı, yüzlərlə insan isə ekran önündə izləyib.

Papa Fransis öz xütbəsində insanları öz uğursuzluqları və kilsənin səhvlərinə görə Allahın sevgisini qəbul etməkdən imtina edilməsinə yol verməməyə çağırıb.

"Milad bizə xatırladır ki, Allah bizi, hətta ən pis olanı da sevməyə davam edir. O, bu gün mənə, sənə, hər birimizə, deyir: "Səni sevirəm, çünki mənim gözlərimdə çox dəyərlisən". Allah səni düzgün düşündüyün və hərəkət etdiyin üçün sevmir. O səni heç nə olmadan sadəcə sevir. Onun sevgisi qeyd-şərtsizdir, bu səndən asılı deyil. Səhv fikirlərə sahib ola bilərsən, ola bilər ki, hər şeyi korlayasan, amma Rəbb səni sevməyə davam edir. Biz tez-tez düşünürük ki, yaxşı olarıqsa Allah bizi sevər, pis olarıqsa, cəzalandırar. Ancaq o belə deyil" – deyə, Papa müraciətində vurğulayıb.

Papa bu il kilsəni ağır vəziyyətə gətirən mübahisələrə, o cümlədən Vatikanın da iştirak etdiyi on illərlə davam edən ruhanilərin cinsi istismar qalmaqallarına və maliyyə pozuntularına da toxunub.

83 yaşlı Fransis çərşənbə günü Müqəddəs Pyotr kilsəsinin eyvanında hər il olduğu kimi "Urbi et Orbi" Milad Günü nitqini meydandakı minlərlə ziyarətçiyə çatdıracaq.

XS
SM
MD
LG