İran prezidenti Həsən Ruhani digər tərəflərin öhdəliklərini yerinə yetirdiyi təqdirdə İranın 2015-ci il nüvə sazişində nəzərdə tutulmuş "öhdəliklərinə qayıtmağa" hazır olduğunu bildirib.
Ruhaninin ofisi bazar ertəsi onun Tehranda Avropa İttifaqının yeni xarici işlər naziri Cosep Borrell ilə danışıqlarından sonra bu barədə açıqlama verib.
İranın rəsmi xəbər agentliyi Ruhanidən sitat gətirərək bildirib ki, İran "yeni bir vəziyyətlə üzləşməyəcəyi" təqdirdə beynəlxalq nüvə müfəttişləri ilə əməkdaşlığı davam etdirəcək.
IRNA xəbər agentliyi Ruhaninin hansı vəziyyətləri nəzərdə tutduğunu açıqlamayıb.
Prezident Donald Tramp 2018-ci ildə ABŞ-ın nüvə sazişindən çıxdığını elan edərək sanksiyalar tətbiq ediyi vaxtdan İran da bu sazişin şərtlərindən geri çəkilməyə davam edir.
Lakin buna baxmayaraq Britaniya, Fransa və Almaniya bu sazişi qorumağa çalışırlar.
Borrellin Tehrana səfəri mübahisələrin həlli mexanizmi adlandırılan prosesin bir hissəsidir. İranın bu proses çərçivəsində sazişin qüvvədə qalması və məsələni müqavilənin başa çatması ilə nəticələnə biləcək BMT-nin Təhlükəsizlik Şurasına çıxarmamaq üçün danışıqlara başlaması nəzərdə tutulur.
Çin və Rusiyanın da imzaladığı 2015-ci il müqaviləsinin şərtlərinə əsasən, İran ölkə iqtisadiyyatına böyük zərər vermiş sanksiyaların aradan qaldırılması müqabilində uran zənginləşdirilməsini məhdudlaşdırmalıdır.