Rusiyanın təşəbbüsü ilə oktyabrın 27-də Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Həştərxan şəhərində görüşü olacaq.
Rusiya prezidentinin mətbuat xidmətinin məlumatına görə, prezidentlərin görüşündə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi müzakirə ediləcək.
Azərbaycanın münaqişənin nizamlanması ilə bağlı mövqeyində dəyişiklik baş verməyib.
Bu gün Bakıda “Cənubi Qafqaz dəyişən dünyada” mövzusunda keçirilən beynəlxalq konfransda Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, ölkəsi ATƏT-in Minsk qrupunun həmsədrlərinin hazırladığı yenilənmiş Madrid sənədini qəbul edib. “Biz bildirdik ki, bu təklifləri qəbul edirik. Lakin Ermənistan indiyədək birmənalı şəkildə nə “hə”, nə də “yox” deyib. Odur ki, danışıqlar prosesi faktiki olaraq ləngiyib”.
Nazir münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsinə nizamlanmasının mümkünlüyünü xatırladıb.
“Azərbaycan Qarabağın müstəqilliyinə, onun Azərbaycandan qopardılmasına heç zaman razı olmayacaq. Ermənistan nə qədər tez müdriklik göstərsə, bir o qədər yaxşıdır”.
Cənab Məmmədyarov Praqa prosesini də bütövlükdə diqqətə çatdırıb. “2004-cü ildə Praqada Ermənistan və Azərbaycan prezidentlərinin görüşü olub və danışıqlar prosesinin bərpası barədə qərar qəbul edilib. Bu mürəkkəb və intensiv proses 4 il davam edib, nizamlanmaya dair baza prinsiplərinin və ya Madrid prinsiplərinin açıqlanması ilə başa çatıb. Bir müddət sonra həmsədrlər bu prinsiplərə düzəliş edib və yenidən tərəflərə təqdim edib. Bu, Qarabağ ətrafında işğal olunmuş ərazilərin azad edilməsini, qaçqınların öz doğma yerlərinə qayıtmasını və əhalinin öz iradəsini ifadə etməsi yolu ilə regionun statusunun müəyyən olunmasını nəzərdə tutan mərhələli nizamlanma variantıdır”, - deyə o qeyd edib.
“Azərbaycan Naminə” İctimai Forumun prezidenti, politoloq Eldar Namazov “Amerikanın səsi” radiosuna müsahibəsində bildirib ki, prezidentlərin Həştərxan görüşü qabaqcadan planlaşdırılmayıb. “Bu görüş ATƏT Minsk qrupunun həmsədrlərinin ATƏT-in Astanada keçiriləcək zirvə toplantısına hazırlıq məqsədi ilə regiona səfərlərini qabaqlamaq məqsədi ilə təşkil edilib. Çünki Astanada Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı yol xəritəsi müzakirəyə çıxarıla bilər. Bu isə Rusiya və Ermənistanın maraqlarına uyğun deyil”, - deyə politoloq qeyd edib.