Accessibility links

Rusiyada müharibə əleyhinə aksiyalarda iştirak edənlər ekstremizmlə bağlı cinayətilə hədələnib


Rusiyanın Baş Prokurorluğu müharibə əleyhinə aksiyalarda iştiraka görə ekstremizmlə bağlı cinayət işləri ilə hədələyib. Bu barədə məlumat prokurorluğun Teleqram kanalında verilib.

Baş Prokurorluq bunu onunla izah edib ki, internetdə müharibə əleyhinə aksiyalara çağırışlar yayılır və onların mənbəyi press-relizdə deyildiyi kimi, “Rusiya Federasiyasının ərazisində məhkəmə qərarı ilə qadağan edilmiş ekstremist fəaliyyətləridir”.

“Bu müraciətlərə uyan vətəndaşlar nəinki təxribatların potensial qurbanına çevrilir, həm də Rusiya Federasiyası Cinayət Məcəlləsinin 282.2-ci maddəsinin 2-ci hissəsi ilə cinayət məsuliyyətinə cəlb olunan radikal təşkilatlara cəlb olunurlar” - deyə, Baş Prokurorluqdan bildirilib.

Bir ildən artıqdır həbsdə olan və orada yeni iş üzrə mühakimə olunan müxalif siyasətçisi Aleksey Navalnı bir gün əvvəl rusiyalıları Ukraynadakı müharibəyə qarşı mitinqlərə çıxmağa və həbslərdən qorxmamağa çağırıb.

Navalnının mətbuat katibi müxalifət liderinin Tvitter səhifəsində “Rusiya prezidenti Vladimir Putin Rusiya deyil və insanlar işğala qarşı çıxmaq üçün artıq gözləyə bilməzlər” yazıb.

Navalnı “Rusiyada, Belarusda və ya planetin o tayındakı” insanları öz şəhərlərinin əsas meydanlarına toplaşıb nümayiş keçirməyə çağırıb.

Onun əsasən xaricdən işləyən tərəfdaşları isə ölkə boyu hər gün saat 19:00-da, həftə sonları və bayramlar isə saat 14:00-da meydanlara çıxmaqla bağlı çağırışı dərc edib.

Rusiya prezidenti Vladimir Putin fevralın 24-nə keçən gecə Ukraynanın “denafikasiyası və demilitarizasiyası” üçün “xüsusi hərbi əməliyyata” başlanıldığını elan edib. Rusiya qoşunları Ukraynanın 5 vilayətində sərhədi keçib.

Ukrayna hökumətinin bildirdiyinə görə, 7 gün ərzində azı 2000 dinc sakin həlak olub. Ukraynada onlarla yaşayış binası, xəstəxana, məktəb dağıdılıb, Çernobıl Atom Elektrik Stansiyası ələ keçirilib. Kyiv yaxınlığında qaz kəmərləri, istilik şəbəkələri və neft anbarı partladılıb.

Rusiyanın müxtəlif şəhərlərində müharibə əleyhinə aksiyalar keçirilir. OVD-İnfo insan haqları layihəsinə görə, fevralın 24-dən bəri bütün ölkə boyu 6,7 mindən çox insan həbs edilib.

XS
SM
MD
LG