Accessibility links

Rusiya koronavirusa yoluxma hallarına görə dünyada üçüncü yerdədir


Mayın 11-nə olan məlumata görə, son bir gündə Rusiyada koronavirusa yeni yoluxma hallarının sayı 11 656 olub. Xəstəliyə qarşı mübarizə qərargahı bu gün ölkədə 221 344 yoluxma halının, son bir gündə 94 nəfər olmaqla, 2009 ölüm halının qeydə alındığını bildirib.

Beləliklə, Rusiya 220 449 yoluxma halının qeydə alındığı Böyük Britaniya və 219 070 yoluxma halı olan İtaliyanı qabaqlayaraq, COVID-19-a yoluxma siyahısında dünyada üçüncü yeri tutub. Amerikanın Cons Hopkins Universitetinin məlumatına görə, 1 329 791 xəstə olmaqla, ABŞ koronavirus xəstələrinin sayına görə birinci yerdədir. İkinci yerdə isə 224 350 xəstə ilə İspaniyadır.

Bazar ertəsi səhər dünya boyu koronavirusa yoluxanların sayı 4 milyon 102 min 955 nəfər olub. Son gündə 3 min 398 nəfər olmaqla, 282 min 719 nəfər ölüb, 1,4 milyondan çox insan sağalıb.

Rusiyada yeni infeksiyanın son bir gündə 84 bölgədə 6169 olmaqla, ən çox Moskvada yayıldığı bildirilib. Moskva bölgəsində 1079, Sankt-Peterburqda 307, Nijni Novqorod bölgəsində 291 yoluxma halı qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Rusiyadakı nümayəndəliyinin rəhbəri Melita Vuynoviç bir gün əvvəl Bloomberg-ə Rusiyada koronavirusa yoluxma və ölüm hallarının artıq zirvə nöqtəsinə çatdığını deyib. Vuynoviçin sözlərinə görə, yoluxma halları hələ də var, lakin sürəti sabitləşir.

XS
SM
MD
LG