Hollandiyanın və Böyük Britaniyanin baş nazirləri Rusiyanı “qlobal dəyərlərə nifrətdə” ittiham edib. Hər iki ölkə də oktyabrın 4-də Rusiya hərbi kəşfiyyatının müxtəlif beynəlxalq və milli qurumlara kiberhücumlar hazırladığını bildiriblər.
Baş nazirlər Mark Rutte və Tereza Meyin birgə bəyanatında deyilir ki, əvvəllər QRU kimi tanınan rus hərbi kəşfiyyatı beynəlxalq təhlükəsizliyi təmin edən razılaşmalara hörmət etmir.
Böyük Britaniya Rusiyanı Beynəlxalq Antidopinq Agentliyinə hücumda suçlayıb. Hollandiya isə bildirib ki, hələ apreldə Rusiyanın 4 hərbi kəşfiyyatçısını Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatına kiberhücum cəhdindən sonra ölkədən çıxarıb. Hollandiya həmin şəxslərin fotolarını, ölkəyə gəldikləri diplomatik pasportları nümayiş etdirib.
NATO baş katibi Yens Stoltenberq bəyan edib ki, Rusiya kiberməkanda “məsuliyyətsiz” davranışına son qoymalıdır. O əlavə edib ki, müttəfiqləri Böyük Britaniya və Hollandiyanı dəstəkləyir.
Böyük Britaniya xarici işlər naziri Ceremi Hant deyib ki, London müttəfiqləri ilə Rusiyaya yeni sanksiyaların tətbiqini müzakirə edir.
Avstraliya da Rusiyaya qarşı eyni ittihamları irəli sürüb.
Rusiya Xarici İşlər Nazirliyi iddiaları fantaziya adlandırıb.
Nazirliyin nümayəndəsi Mariya Zaxarova Britaniyanın ittihamlarını təkzib edib və onları “cəhənnəmin parfümeriya qarışığı” adlandırıb. Hollandiyanın suçlamalarına isə, hələlik, rəsmi reaksiya verilməyib.