Accessibility links

Rusiyanın Belqorod vilayətində fövqəladə vəziyyət elan edilib


Rusiyanın Belqorod vilayətinin qubernatoru Ukraynanın bölgəni bombardman etməsindən sonra çərşənbə günü regionda fövqəladə vəziyyət elan edib.

Vyaçeslav Qladkov Telegram mesajlaşma proqramında yerləşdirilən videoda "Belqorod vilayətində vəziyyət son dərəcə çətin və gərgin olaraq qalır. Evlər dağılıb. Dinc sakinlər ölüb və yaralanıb" deyib.

O əlavə edib ki, "federal fövqəladə vəziyyət elan etmək üçün hökumət komissiyasına müraciət edildikdən sonra regional səviyyədə fövqəladə vəziyyət tətbiq olunacaq".

Ukrayna prezidentinin bildirdiyinə görə, Ukrayna qüvvələri çərşənbə axşamı qonşu Kursk bölgəsində 74 yaşayış məntəqəsinə nəzarət edib.

"Yüzlərlə rus hərbçisi artıq təslim olub və onların hamısına humanist münasibət göstəriləcək. Onlar hətta öz ordularında belə münasibət görməyib. Biz bir daha sübut etdik ki, biz ukraynalılar istənilən vəziyyətdə öz məqsədlərimizə çatmağa, maraqlarımızı və müstəqilliyimizi müdafiə etməyə qadirik" deyə, Volodimir Zelenski axşam müraciətində bildirib.

Ukraynanın bir həftə əvvəl Kurska trans-sərhəd hücumu Rusiya üçün gözlənilməz oldu. Reuters xəbər agentliyinin bildirdiyinə görə, Ukrayna qüvvələri Kurskda irəliləməyə davam edir və son 24 saat ərzində üç kilometrə qədər irəliləyib.

Bu məlumat Rusiyanın general-mayoru Apti Alaudinovun Ukrayna qoşunlarının sərhəddən 26-28 kilometr aralıda yerləşən kəndlərə hücumlarının dayandırıldığını deməsi ilə üst-üstə düşmür.

Çərşənbə axşamı Ukrayna ilə bağlı sualın cavabında ABŞ prezidenti Co Bayden deyib ki, son altı-səkkiz gündə ona hər dörd-beş saatdan bir Ukraynada baş verənlərlə bağlı məlumat verilib.

O, ruslar üçün gözlənilməz olan əməliyyat haqqında "Bu, Putin üçün əsl dilemma yaradır" deyib.

Ukrayna çərşənbə axşamı Rusiyanın Kursk vilayətində ələ keçirdiyi əraziləri uzun müddətə saxlamaqda maraqlı olmadığını bildirsə də, Ukrayna əsgərlərinin orada olması Moskvanın Ukraynanın şərqindəki cəbhə xəttində daha çox qoşun yerləşdirmək səylərini çətinləşdirə bilər.

Prezident Zelenski "Qeyd etmək lazımdır ki, Kursk bölgəsindəki əməliyyat cəbhə xəttinə yardım edir. Çünki bu, Rusiyanın Donetsk bölgəsinə əlavə qoşun göndərməsinə imkan vermir, onun hərbi logistikasını çətinləşdirir" deyib.

Zelenski bildirib ki, Rusiya iyun ayından bəri Ukrayna ərazisinə 2000-dən çox trans-sərhəd zərbə endirmək üçün Kursk vilayətindən istifadə edib. Onun sözlərinə görə, Ukrayna qüvvələri hücum zamanı bu cür zərbələr endirmək üçün istifadə edilən 1000 kvadrat kilometr ərazini ələ keçirib.

Forum

XS
SM
MD
LG