Accessibility links

Gənc hüquqşünas Rusiyada korrupsiyaya qarşı mübarizə aparır


Hüquqşünas Aleksey Navalnı Moskva ofisində
Hüquqşünas Aleksey Navalnı Moskva ofisində

Rusiyada neft gəlirlərinin artması ilə korrupsiya rekord səviyyəyə gəlib çatıb. Transparency International təşkilatı Rusiyanı Kamboca və Mərkəzi Afrika Respublikası ilə yanaşı dünyada korrupsiya səviyyəsinin ən yüksək olduğu ölkələr sırasında göstərir.

Moskvada yaşayan gənc hüquqşünas Aleksey Navalnı Rusiyada korrpusiya ilə bağlı ictimaiyyətə məlumat verən ən populyar adamdır. Bu il Rusiyada seçki ilidir. Ona görə də nəzarətdən çıxmış korrupsiya Rusiyanın sayı artmaqda olan orta sinfini ən çox maraqlandıran məsələlər arasında əsas yeri tutur.

Aleksey Navalnının sözlərinə görə, korrupsiyanı Rusiyanın hər yerində görmək olar. Kreml Rusiyada televiziya xəbərlərinə nəzarət etdiyinə görə yüksək səviyyədə korrupsiya tele-proqramlarda işıqlandırılmır. Navalnı buna görə hələ də azad olan internetdən istifadə edir.

Keçən il ABŞ-ın Yel (Yale) universitetində elmi ezamiyyətdə olanda o, Rusiyanın Transneft şirkətinin rəsmilərinin Rusiyadan Çinə ilk neft kəmərinin çəkilişi üçün 4 milyard dollar vəsaiti mənimsədiyi haqda məlumatları öz bloqunda yerləşdirmişdi.

O deyir ki, bir milyon insan bloqa üzv oldu və yüz minlərlə insan orada şərh yerləşdirdi. Belə böyük auditoriya qarşısında baş nazir Vladimir Putin Transneftdə təhqiqat aparılmasına çağırmalı oldu.

Aleksey Navalnının dövlətin nəzarət etdiyi televiziyada 700 000 tamaşaçının izlədiyi tele-debatından sonra Rusiya siyasətində gənc “Youtube” nəsli və qoca TV nəsli arasında parçalanmanın mövcudluğu aşkar oldu.

Aleksey Navalnı öz veb səhfəsində baş nazir Putinin “Vahid Rusiya” partiyasını oğrular və fırıldaqçılar partiyası adlandırır.

Transparency International təşkilatının Rusiyadakı ofisinin direktoru Yelena Panfilova deyir ki, internet Navalnının anti-korrupsiya kampaniyasına minlərlə insanı cəlb edir.

“Söhbət şəxsi cəsarət və məsələni başa düşməkdən gedir. Mən inanıram ki, insanlar onu dəstəkləyir. O, informasiyanı tapmaq istedadına malikdir və onun mənbəyi tükənmir.”

Panfilovanın sözlərinə görə, Navalnının populyarlığı Rusiyada hökumət işçiləri arasında korrupsiya ilə bağlı qəzəbi əks etdirir.

“Alekseyin və bizim fəaliyyətimizin son məqsədi idarəçilik siyasətini daha böyük mənada dəyişməkdir”-deyə Panfilova bildirr.

Rusiya rəsmiləri məsələyə müxtəlif reaksiya verir. Növbəti prezident seçkiləridə islahatçı mövqeyi tutacağı gözlənilən prezident Dmitri Medvedev indi korrupsiya əleyhinə çıxış edir.

Milli televiziya vasitəsilə yayımlanan çıxışında o, rəsmilərə xəbərdarlıq edərək deyib:”Korrupsiya zəifləməyib, o, iqitisadiyyatın boğazından yayışıb.”

Transneft isə fərqli mövqe tutaraq, Aleksey Navalnını məhkəməyə verib. Transneftin sözçüsü İqor Demin Amerikanın səsinə deyib ki, 4 milyard rəqəmi “başdansovdu” jurnalizmin məhsuludur. O deyir ki, Navalnı faşistdir.

Aleksey Navalnı jurnalistlər və vəkillərin çox vaxt mübarizələrini həyat bahasına apardıqları bir ölkədə geri çəkilməyəcəyini deyir. O qorxmadığını bildirərək deyir :“Əgər hamı qorxsa, o zaman yaşamaq çətin olar.”

Lakin Navalnı eyni zamanda deyir ki, birdən yoxa çıxdığı halda, həyat yoldaşına zəng etmək üçün telefon nömrələri verib.

XS
SM
MD
LG