Accessibility links

Rusiya şəhərlərində səfərbərliyə qarşı aksiyalar keçirilir


Moskva, Sankt-Peterburq, Sibir, Ural və Uzaq Şərq şəhərlərində səfərbərliyə qarşı aksiyalar keçirilir.

Sibir.Realiy agentliyinin müxbirləri hadisə yerindən xəbər verirlər ki, insanlar həbslərdən qorxduqları üçün şəhərlərin mərkəzi meydanlarına şüarsız və plakatsız çıxır. Artıq azı 400 etirazçının həbs edildiyi məlum olub.

SOTA agentliyinin bildirdiyinə görə, Moskvada Arbatda səfərbərliyə qarşı aksiya keçirən iştirakçıların kortəbii həbsi başlayıb və 27 etirazçı saxlanıb. Aksiyada oğulları əsgərlik yaşına çatan analar da iştirak edib. Arbatda etirazçılar "Müharibəyə yox" və "Putin səngərə" şüarları səsləndirib.

Sankt-Peterburqda səfərbərliyə etiraz edənlər İsaak kilsəsi yaxınlığında toplaşıb. Təhlükəsizlik qüvvələri artıq orada da etirazçıların həbsinə başlayıb, SOTA yazır ki, hazırda dörd nəfərin həbsi haqda məlumat var.

"Müqəddəs İsaakiyevsk kafedralı yaxınlığında polis tərəfindən mühasirəyə alınmışıq. Etirazçılar buradan bir-bir çıxarılır. Etirazçılar bir-birinin əllərindən tutub. Ətrafımızda çoxlu çevik polis zabitləri var. Bütün jurnalistlər mühasirədədir" "Bumaqa" müxbiri xəbər verib.

MR7 nəşri təhlükəsizlik qüvvələrinin kütləni dəyənəklərlə döydüyünü əks etdirən kadrları dərc edib.

Svet.Yekaterinburq xəbər verir ki, Yekaterinburq şəhərində səfərbərliyə qarşı olan etirazçılar Əmək Meydanına toplaşıb. Meydana gələn polis əməkdaşları kütləyə 30 saniyə ərzində dağılışmağı əmr edib. Bundan sonra etirazçıların həbsləri başlayıb. Etirazçılardan bəziləri təhlükəsizlik qüvvələri tərəfindən asfalta yatırılıb.

SOTA xəbər verir ki, Ufa şəhərində təhlükəsizlik qüvvələri səfərbərliyə qarşı etiraz aksiyasında 30-a yaxın insanı həbs edib.

"Novosibirsk Koalisiyası 2020" onlarla etirazçının Novosibirsk şəhərinin mərkəzi meydanına toplaşaraq "Müharibəyə yox!" şüarları səsləndirdiyini yazıb. Polis etirazçılara yaxınlaşaraq, dağılmalarını tələb edib. Etirazçılar təhlükəsizlik qüvvələrinə öz mövqelərini izah etməyə çalışsalar da, polis ən fəal etirazçıları həbs etməyə başlayıb.

"Perm 36.6" Perm şəhərində səfərbərliyə qarşı etiraz aksiyalarına görə 20-dən çox etirazçının həbs edildiyini bildirib.

Xabarovskda isə etiraz aksiyasında cəmi 12 nəfər iştirak edib.

XS
SM
MD
LG