Accessibility links

Hesabat: Rusiya müharibənin ilk 100 günündə yanacaq ixracından 96 milyard dollardan çox gəlir əldə edib


Enerji və Təmiz Hava Tədqiqatları Mərkəzinin (CREA) açıqladığı hesabata əsasən, Rusiya Ukraynada müharibənin ilk 100 günü ərzində neft, qaz və kömür ixracından 96,8 milyard dollar (93 milyard avro) gəlir əldə edib. Hesabatda həmçinin bu müddət ərzində idxalın 61 faizinin Avropa İttifaqı tərəfindən edildiyi göstərilir.

Rusiya bu gəlirin böyük hissəsini xam neft, ikinci yerdə boru kəməri ilə satılan qazdan, daha sonra isə neft məhsulları, mayeləşdirilmiş təbii qaz və kömürdən əldə edib.

Finlandiyada yerləşən müstəqil tədqiqat təşkilatı hesabatı iyunun 13-də Kyivin Qərbi müharibənin maliyyələşdirilməsini dayandırmaq ümidi ilə Rusiya ilə bütün ticarəti kəsməyə çağırış etdiyi vaxt açıqlayıb.

Keçən ay Aİ dəniz yolu ilə nəql edilən Rusiya neftini məhdudlaşdırmaq və boru kəməri ilə çatdırılan nefti müvəqqəti olaraq istisna etməklə Rusiya neftinin idxalının üçdə ikisindən çoxunun azaldılması ilə bağlı kompromisə razılaşıb.

CREA-nın hesabatı göstərir ki, yanacaq qiymətlərinin qlobal səviyyədə artımı Moskvanın ixracın azalmasına baxmayaraq, may ayında da gəlirlərinin artmasına səbəb olub.

Hesabata əsasən, Rusiyanın orta ixrac qiymətləri keçən illə müqayisədə təxminən 60 faiz yüksək olub. Bu da Moskvanın ixrac gəlirlərinin rekord həddə çatmasına səbəb olub.

Çin, Hindistan, Birləşmiş Ərəb Əmirlikləri və Fransa Rusiyadan yanacaq alışını artıran ölkələr sırasındadır.

XS
SM
MD
LG