Accessibility links

Putin Rusiyanın taxıl ixracına qoyulan sanksiyalar qaldırılsa, Ukraynanın taxıl ixracı ilə razılaşa biləcəyini deyir


Rusiya prezidenti Vladimir Putin çərşənbə axşamı Rusiya Qara dəniz sahilindəki limanlardan Ukraynanın taxıl daşınmasını asanlaşdırmağa hazır olduğunu deyib, lakin bunun əvəzində Qərb ölkələrinin Rusiyanın taxıl ixracına qoyduğu sanksiyaların ləğvini istəyib.

Putin İranda Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğanla görüşdən sonra Ukrayna taxılının ixracının bərpası ilə bağlı təklif olunan plan barədə danışıb.

Rusiyanın Ukraynaya təcavüzü Ukrayna ticarətini pozduğuna görə BMT qlobal ərzaq tədarükü təzyiqləri altında daşınmalardakı maneələri aradan qaldırmaq üçün danışıqlara qatılıb.

BMT Baş katibinin sözçüsü Antonio Quterreşin müavini Farhan Haq çərşənbə axşamı jurnalistlərə bildirib ki, Quterreş razılaşmanın əldə edilə biləcəyinə dair nikbindir. O əlavə edib ki, Quterreş bazar ertəsi Ukrayna prezidenti Volodimir Zelenski ilə telefonla davam edən danışıqları müzakirə edib.

Vladimir Putin çərşənbə axşamı Tehranda İranın ali dini lideri Ayətulla Əli Xameneyi ilə danışıqlar apararaq, iki ölkə arasında daha sıx əlaqələrə işarə edib.

"Xameneyi ilə əlaqə çox vacibdir. Onların arasında ikitərəfli və beynəlxalq gündəmdə olan mühüm məsələlər üzrə dialoq yaranıb" - deyə, Putinin xarici siyasət məsələləri üzrə müşaviri Yuri Uşakov Moskvada jurnalistlərə bildirib.

Ukraynaya qarşı hərbi təcavüzə görə Qərbin sərt iqtisadi sanksiyaları ilə üzləşən Rusiya İran, Çin və Hindistanla strateji əlaqələri gücləndirməyə çalışır.

Qərbin iqtisadi sanksiyaları və Tehranın nüvə proqramı ilə bağlı ABŞ-la mübahisələrlə qarşılaşan İran da Rusiya ilə daha sıx əlaqələrin yaradılmasına ümid etdiyini bildirib.

"Hər iki ölkə terrorla mübarizədə yaxşı təcrübəyə malikdir və bu, regionumuzun təhlükəsizliyinin daha da möhkəmləndirilməsinə xidmət edib. Ümid edirəm ki, İrana səfəriniz iki müstəqil ölkəmiz arasında əməkdaşlığı gücləndirəcək" - deyə, İran prezidenti İbrahim Rəisi Putinlə görüşdən sonra bildirib.

Ağ Evin Milli Təhlükəsizlik İdarəsinin sözçüsü Con Kirbi çərşənbə axşamı jurnalistlərə kəşfiyyatın Rusiyanın Ukrayna ərazisini ilhaq etmək üçün zəmin hazırladığını və bunun Ukraynanın suverenliyini birbaşa pozmaq olduğunu deyib.

Kirbinin sözlərinə görə, Rusiyanın nəzərdən keçirdiyi planlara daxil olan ərazilərə Xerson, Zaporojye, bütün Donetsk və Luhansk vilayətləri daxildir.

XS
SM
MD
LG