Accessibility links

Rusiya 100-ə yaxın ukraynalını əsir götürdüyünü və mübadilə üçün danışıqlar aparıldığını bildirib


Rusiya hərbçiləri 100-ə yaxın ukraynalını əsir götürüb və mübadilə üçün danışıqlar aparılır. Bu barədə Ukraynanın Baş nazir müavini, işğal olunmuş ərazilərin reinteqrasiyası üzrə naziri İrina Vereşuk bildirib.

Vereşukun sözlərinə görə, Rusiya Federasiyası Qara dənizdə batan və Ukrayna tərəfinin xilas etdiyi dənizçiləri geri qaytarmaq arzusundadır.

“Burada [İlan adasından] dənizçilər var. Biz 11 dənizçini xilas etmişik və onları təhvil verməyə hazırıq. Bizimkiləri geri verirlərsə, onlar bizim nəyimizə gərəkdir” - deyə, nazir bildirib.

Vereşuk yaxın gələcəkdə Ukraynanın öz vətəndaşlarını geri qaytara biləcəyinə ümid etdiyini bildirib.

Vereşuk “Orada təkcə dənizçilər deyil, səhv etmirəmsə, 92 nəfər də var” deyib.

O, həmçinin deyib ki, Rusiyada İnsan Hüquqları üzrə Ombudsman Tatyana Moskalkova ona paritet mübadiləsinin - dənizçini dənizçiyə, sürücünü sürücüyə və s. kimi mübadilənin mümkünlüyü ilə bağlı müraciət edib.

Bundan əvvəl Ukraynanın Baş nazir müavini İrina Vereşuk TSN tele-kanalına müsahibəsində Ukraynada əsirlikdə 562 rusiyalının olduğunu bildirmişdi. Vereşuk həmçinin Ukrayna hakimiyyət orqanlarının məlumatına istinadən fevralın 24-dən, Rusiya qoşunları hücuma keçəndən bəri 270-ə yaxın ukraynalı əsgərin əsir götürdüyünü iddia edib. Moskalkova isə əsirdə 500-dən çox Ukrayna əsgərinin olduğunu bildirib.

Rusiya Müdafiə Nazirliyi məhbusların olduğunu etiraf etsə də, təxmini sayını belə açıqlamayıb. Bir gün əvvəl Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, Rusiya və Ukrayna artıq iki əsir mübadiləsi həyata keçirib.

XS
SM
MD
LG