Accessibility links

Baltikyanı ölkələr və Polşa Rusiya vətəndaşlarının Şengen vizası ilə ölkələrinə girişə qadağa qoyub


Sentyabrın 19-dan etibarən Latviya, Litva, Polşa və Estoniya Avropa İttifaqının istənilən ölkəsində verilmiş Şengen vizası ilə Rusiya vətəndaşlarının ölkələrinə girişinə qadağa qoyub. İndi rusiyalılar Avropa İttifaqı ilə sərhədi yalnız Finlandiyadan quru yolla keçə bilər.

Bundan əlavə, sentyabrın 19-dan İsveçrə rusiyalılara sadələşdirilmiş vizaların verilməsini dayandırıb.

"Latviya, Litva və Polşa ilə birlikdə ictimai asayişi və təhlükəsizliyi qorumaq üçün Rusiya vətəndaşlarının turizm imkanlarını birgə məhdudlaşdırmaq qərarına gəldik. Hazırda Estoniya vasitəsilə Avropa İttifaqına gələn rusiyalı turistlərin təhlükəsizlik riski yaratmayacağına zəmanət vermək mümkün deyil” - deyə, dörd ölkənin baş nazirlərinin birgə bəyanatında bildirilib.

Baş nazirlər qeyd ediblər ki, Avropa İttifaqına səyahət “insan haqlarına aid olmayan imtiyazdır”. İstisnalar yalnız yük maşını sürücülərinə, diplomatlara və humanitar səbəblərdən ölkəyə daxil olanlara şamil edilib.

Sentyabrın əvvəlində Avropa İttifaqı ölkələri Rusiya ilə viza rejiminin sadələşdirilməsi ilə bağlı sazişi dayandırmaq haqda razılığa gəlib. Bu, viza rüsumunun 35 avrodan 80 avroya qədər artmasına, əlavə sənədlərin təqdim edilməsinə, vizanın verilməsi müddətinin artırılması və çoxsaylı vizaların verilməsi qaydalarının sərtləşdirilməsinə səbəb olub.

Avropa Komissiyası Rusiya vətəndaşlarına vizaların verilməsi proseduru ilə bağlı tövsiyələrini dərc edib. Buraya Avropa İttifaqına səyahət etmək üçün ciddi səbəbi olmayan Rusiya vətəndaşlarına daha az üstünlük verilməsi, Rusiya vətəndaşlarının bütün müraciətlərinin diqqətlə yoxlanılması və uzun müddətə vizaların verilməsindən çəkinmək daxildir.

XS
SM
MD
LG