Accessibility links

Şiddətli atışmalara baxmayaraq Ukrayna qüvvələri Severodonetski müdafiə edir


Donetsk
Donetsk

Rusiya qoşunları Ukraynanın Donbassdakı mühüm şəhərini ələ keçirmək üçün ağır artilleriyadan istifadə edərək hücumlarını gücləndirib. Rusiya diplomatiyasının rəhbərinin fikrincə, Ukraynanın bu regionunun tam ələ keçirilməsi "mütləq prioritetdir".

Rusiyanın davamlı atəşləri hələ də Ukrayna hakimiyyətinin nəzarətində olan Luhansk vilayətinin ən böyük şəhəri olan Severodonetskdə bütün zəruri infrastrukturu dağıdıb. Bunu bildirən Ukrayna prezidenti Volodimir Zelenski hücumun qarşısını almaq üçün əlindən gələni edəcəyinə söz verib.

"Binaların 90 faizə yaxını zədələnib. Şəhərin yaşayış fondunun üçdə ikisindən çoxu tamamilə dağılıb. Telekommunikasiya xətləri işləmir" – deyə, o, televiziya ilə çıxışında deyib.

"Severodonetskin ələ keçirilməsi işğalçılar üçün əsas vəzifədir. Biz bu hücumun qarşısını almaq üçün əlimizdən gələni edirik" - deyə, Ukrayna prezident əlavə edib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bazar günü bildirib ki, Donbass regionuna daxil olan Donetsk və Luhansk vilayətlərinin "azad edilməsi" Rusiya üçün "qeyd-şərtsiz prioritet"dir.

Donbassdakı Ukrayna Silahlı Qüvvələri Facebook-da bazar günü bütün gün müdafiədə olduqlarını bildiriblər. Rusiya hərbçiləri Donetsk və Luhansk vilayətlərində 46 yaşayış məntəqəsini atəşə tutub, nəticədə azı 3 mülki şəxs ölüb, daha iki nəfər yaralanıb, 62 mülki binaya ziyan dəyib və ya dağıdılıb.

Rusiya həmçinin bəzi digər əraziləri, o cümlədən, Nikolayev vilayətinin Novı Buq, eləcə də Sumı vilayətini atəşə tutmağa davam edib. Novı Buq şəhər şurası öz teleqram kanalında Rusiyanın raket hücumunun şəhərin mərkəzinə ciddi ziyan vurduğunu bildirib.

Hazırda diqqət Severski Donets çayının şərq sahilində yerləşən Severodonetsk uğrunda gedən döyüşlərə yönəlib, belə ki, Rusiya qüvvələri bu döyüş bölgəsində tədricən, lakin əhəmiyyətli nailiyyətlər əldə edir.

Bazar ertəsi Ukraynanın Luhansk vilayətinin qubernatoru Sergey Qayday Rusiya işğalçı qüvvələrinin Severodonetsk ətrafına daxil olduğunu etiraf edib.

Rusiya Müdafiə Nazirliyi bazar ertəsi qüvvələrinin Nikolaev şəhərindəki gəmiqayırma zavoduna zərbələr endirdiyini bildirib. Nazirlik bildirir ki, Rusiya artilleriyası Nikolaev "Okean" gəmiqayırma zavodunun anqarına zərbələr endirib, maşınları və digər texnikanı sıradan çıxarıb.

Reuters bu məlumatı müstəqil şəkildə yoxlaya bilməyib.

XS
SM
MD
LG