Accessibility links

Rusiya təhlilçiləri Wikileaks sənədlərinin Rusiya-ABŞ münasibətlərinə mənfi təsir göstərə biləcəyini deyir


Rusiya təhlilçiləri Wikileaks sənədlərinin Rusiya-ABŞ münasibətlərinə mənfi təsir göstərə biləcəyini deyir
Rusiya təhlilçiləri Wikileaks sənədlərinin Rusiya-ABŞ münasibətlərinə mənfi təsir göstərə biləcəyini deyir

Kreml liderləri haqda belə səmimi açıqlamalar 2012-ci il prezident seçkilərindən öncə ABŞ-Rusiya münasibətlərinin düzəlməsinə çalışan prezident Barak Obama üçün yaxşı xəbər deyil

Reuters Xəbər agentliyinin yazdığına görə Rusiyada kütləvi informasiya vasitələrinin əsas xəbərləri bu gün Wikileaks-ın açıqladığı məxfi teleqramlara həsr olunub. Təhlilçilər teleqramlardakı məlumatların Obama-Medvedev münasibətlərinə mənfi təsir göstərə biləcəyi ilə bağlı xəbərdarlıq edirlər.

Agentliyin xəbərində yazılır ki, ABŞ-ın ilk dəfə olaraq belə geniş şəkildə üstü açılan məxfi diplomatik sənədlərində Rusiyanın baş naziri Vladimir Putin dərin korrupsiyaya məruz qalmış ölkənin başçısı kimi göstərilir. 58 yaşlı Vladimir Putin ABŞ diplomatları tərəfindən Rusiyanın enerjiyə dair bütün sazişlər və Moskvanın İranla bağlı siyasətini müəyyən edən ən nüfuzlu siyasətçisi kimi təsvir edilir. Onun protejesi prezident Dmitri Medvedev isə diplomatlara görə bütün qərarlarının Putin tərəfindən təsdiq edilməsini gözləyən qətiyyətsiz bir liderdir. Lakin ABŞ-ın elitar diplomatik korpusunun yazışmalarında Vladimir Putin həm də rüşvətxor iş adamları və təhlükəsizlik qüvvələrinin üstünlük təşkil etdiyi “virtual mafia dövləti”ni idarə edən şəxs kimi göstərilir.

Reuters-in xəbərinə görə ABŞ-ın Müdafiə naziri Robert Geytsin 2010-cu ilin fevral ayının 8-də Parisdə fransalı həmkarına “Rusiyada demokratiya yoxa çıxıb və hökumət təhlükəsizlik qüvvələrinin idarə etdiyi oliqarxlardan ibarətdir”-dediyini göstərən məxfi teleqram da sənədlər arasındadır. Xəbərdə “Prezident Medvedev Rusiya ilə bağlı baş nazir Putindən daha praqmatik baxışlara malikdir, lakin burada çox az real dəyişiklik baş verib”-deyə Müdafiə naziri Geytsin bildirdiyi qeyd edilir.

Baş nazir Putinin mətbuat katibi Dmitri Peskov Wikileaks-in açıqladığı məxfi sənədləri şərh etməkdən imtina edib.

Kreml liderləri haqda belə səmimi açıqlamalar 2012-ci il prezident seçkilərindən öncə ABŞ-Rusiya münasibətlərinin düzəlməsinə çalışan prezident Barak Obama üçün yaxşı xəbər deyil. Rusiya təhlilçiləri məxfi sənədlərdə olan açıqlamaların ABŞ və Rusiya arasında münasibətlərə mənfi təsir göstərə biləcəyini bildirirlər.

2010-cu ilin fevral ayının 25-də göndərilmiş teleqramda ABŞ-ın yüksək səviyyəli diplomatı, Dövlət katibinin Siyasi Məsələlər üzrə yardımçısı Vilyam Börnslə görüş zamanı Azərbaycan prezidenti İlham Əliyevin prezident Medvedevin nəzarət edə bilmədiyi adamlar tərəfindən əhatə olunduğunu dediyi yazılır. İlham Əliyev Börnsə deyib ki, o, Medvedevin təsdiqə ehtiyacı olan qərarlar qəbul etdiyinin, lakin onların baş nazirin ofisində olan adamlar tərəfindən saxlandığının şəxsən şahidi olub. Guardian qəzetində dərc edilən teleqramda deyilir ki, İlham Əliyev yüksək səviyyəli bir sıra şəxslərin Medvedevi lider kimi tanımadığını, Medvedev və Putin arasında şəxsi münaqişə olmasa da, onların komandaları arasında güclü qarşıdurmanın mövcud olduğunu deyib.

Məxfi sənədlərdə həmçinin Dövlət Təhlükəsliyi Komitəsinin keçmiş agenti olan Putinlə İtaliyanın Baş naziri Silvio Berluskoni arasında çox yaxın münasibətlərin olduğu bildirilir.

XS
SM
MD
LG