Son günlər Misirdə və ərəb dünyasında baş verən etirazların, inqilabi hərəkatın regional təsirlərinin qaçılmaz olduğu ekspertlərin, siyasətçilərin diqqət mərkəzindədir. İnqilabi hərəkat Tunisdən sonra Misirdə dövlət başçısının istefasına səbəb olub. Hazırda isə Yəmən və digər ərəb ölkələrində etirazlar davam edir. İran müxalifəti də ölkədə inqilabın qaçılmaz olduğunu bəyan edib.
Azərbaycan müxalifəti isə kütləvi aksiyalara başlamaqla bağlı müzakirələri davam etdirir. Bu günlərdə müxalifətdə olan siyasi partiya rəhbərlərinin görüşü keçirilib. Hazırda siyasi partiyaları, ziyalıları, ictimai təşkilatları və 2010-cu il parlament seçkilərinin saxtalaşdırıldığını iddia edən çoxsaylı deputatlığa namizədi birləşdirən İctimai Palata kütləvi aksiyalar və müxalifətin tələbləri ilə bağlı məsələlər barədə qərar qəbul etmək ərəfəsindədir. Maraqlı cəhətlərdən biri də, son günlər müxalifət liderlərinin yeni parlament seçkiləri keçirilməsi barədə tələblərlə çıxış etməsidir.
Müsavat Partiyasının başqanı İsa Qəmbər Amerikanın Səsi radiosuna müsahibəsində Misir və digər ərəb ölkələrindəki inqilabların Azərbaycana təsirlərinin olacağını istisna etmir. Onun fikrincə, həm ərəb ölkələrində, həm də Azərbaycanda avtoritar rejimlər mövcuddur.
Sual: Tunisdə, Misirdə və ərəb dünyasında baş verən inqilabların regional təsirlərini necə qiymətləndirirsiniz? Bu hadisələrin Azərbaycana da təsirləri varmı?
Cavab: Təbii ki, var. Bir çox meyarlara görə, bu təsirlər qaçılmazdır. Həm Misirdə, həm proseslər gedən digər ərəb ölkələrində, o cümlədən Azərbaycanda avtoritar rejimlərdir. Bütün bu ölkələrdə korrupsiya, rüşvət, insan haqlarının pozulması, seçkilərin saxtalaşdırılması, eyni adamların on illərlə hakimiyyətdə qalması kimi ümumi cəhətlər var.
Son illər Azərbaycan hakimiyyəti də Misir, Əlcəzair və bir sıra digər ərəb ölkələrindəki mövcud modeldən sui-istifadə etməyə hazırlaşırdı. Dünyaya belə fikir sərgiləməyə çalışırlar ki, yalnız hakimiyyətdə olan qüvvə ölkəni dünyəvi şəkildə idarə etməyə, azad dünya ilə iqtisadi-siyasi əlaqələri davam etdirməyə qadirdir. Ölkədə demokratik potensial yoxdur, seçim olarsa hakimiyyətə yalnız ifrat radikal islamçı qüvvələr gələcək, bununla da sabitlik pozulacaq və bütün əlaqələr şübhə altına düşəcək. Bu praktikadan ərəb ölkələri on illərdir istifadə edir, Azərbaycan da istifadə etməyə cəhd göstərirdi. Ən önəmlisi isə odur ki, bu ölkələrin hamısında xalq hökumətdən narazıdır və dəyişiklik istəyir. Ona görə də Misirdə, Tunisdə baş verənlərin Azərbaycana təsiri həddən artıq böyükdür. Azərbaycanda cəmiyyət bu prosesləri diqqətlə izləyir. Ərəb ölkələrindəki proseslər bütün səviyyələrdə, o cümlədən siyasi, biznes dairələrində, sadə camaat arasında aktiv şəkildə müzakirə olunur.
Sual: Misirdə son seçkilərdə bir nəfər belə müxalifət nümayəndəsi parlamentə düşə bilmədi. Azərbaycanda da bəyan etdiniz ki, son seçkilərdə bir nəfər belə həqiqi müxalifət təmsilçisi parlamentə buraxılmadı. Hazırda cəmiyyət hökumət münasibətlərini necə qiymətləndirirsiniz? Azərbaycanda da Misirdə olduğu kimi etirazlar baş qaldıra bilərmi? Müxalifətin mövqeyi necədir?
Cavab: Artıq 18-ci ildir ki, Azərbaycanda bir ailə hakimiyyətdədir və bu müddətdə ölkədə keçirilən bütün seçkilər saxtalaşdırılıb. Tədricən real müxalifət parlamentdən də, bələdiyyələrdən də kənarda saxlanmağa başlanıb. Üstəlik ziyalılar da parlamentə, bələdiyyələrə buraxılmır. Ona görə də, ərəb ölkələrində və digər bu tipli ölkələrdə olduğu kimi Azərbaycanda da seçki narazılığı çox yüksək səviyyədədir.
Azərbaycan cəmiyyətində bu gün kütləvi aksiyalar çox aktualdır. Bu məsələ Müsavat Partiyasında da, digər siyasi qüvvələrdə də aktiv müzakirə olunur. Cəmiyyətdə də etiraz aksiyalarının başlanması və nə zaman başlanacağı məsələsi çox aktualdır.
Sual: Kütləvi aksiyalar nə vaxt başlanacaq?
Cavab: Müsavat Partiyasında da, müttəfiqlərimizlə də, son zamanlar təsis edilmiş İctimai Palatada da bu məsələləri müzakirə edirik, fikir mübadiləsi aparırıq. Düşünürəm ki, birgə qərarlar qəbul edildikdən sonra aksiyalar başlanacaq.
Sual: Fikrinizcə qərar nə vaxt qəbul edilə bilər?
Cavab: Mən təkbaşına müddət müəyyənləşdirmək istəmirəm. Mənim müəyyən mülahizələrim var. Ancaq, istəyirəm ki, aksiyalar demokratik düşərgənin qərarı kimi birgə tədbirlər kimi başlansın.
Sual: Misirdə Hüsnü Mübarəkin portretləri saraylardan çıxarıldı. Ancaq, Azərbaycanda onun heykəli daha ciddi qorunur, həyat yoldaşı Syuzanın adına məktəb qalmaqdadır. Münasibətiniz necədir?
Cavab: Bu biabırçı bir faktdır. Bunu mən, avtoritar rejimlər arasında əməkdaşlığın nümunəsi kimi qiymətləndirmişəm. Bu, hətta avtoritar rejimlər arasında barter əməliyyatıdır. Belə barterlər nəticəsində Bakıda digər avtoritar liderlərin heykəlləri ucaldılır, adlarına məktəblər qoyulur. Eyni qaydada da, həmin ölkələrdə Azərbaycanın keçmiş avtoritar dövlət başçısının heykəlləri qoyulur, adı küçələrə verilir. İndi Azərbaycan hakimiyyəti çox absurd vəziyyətə düşüb. Bizim tələblərimizə baxmayaraq neçə vaxtdır ki, hakimiyyət Mübarəkin heykəlini götürmür. Artıq heykəlin qalması da absurddur. Çünki, Misir xalqı Mübarəki devirib. Digər tərəfdən, Azərbaycan hakimiyyəti düşünür ki, buradan Mübarəkin heykəli götürüldükdə, barter nəticəsində Qahirədə qoyulmuş Azərbaycanın keçmiş dövlət başçısının da heykəli götürülməlidir. Təbii ki, bunun doğuracağı nəticələrdən narahatdırlar. Hakimiyyət çətin seçim qarşısındadır. Amma düşünürəm ki, qərar qəbul etmək üçün zaman çox azdır.
Bununla yanaşı, hesab edirəm ki, heykəl hakimiyyətin qərar qəbul edəcəyi məsələlər içərisində ən asanıdır. Çünki, hakimiyyətin qarşısında daha ciddi problemlərin həlli durur.
Sual: Azərbaycanın dövlət başçısı Qazax rayonunda ictimaiyyətin nümayəndələri qarşısında korrupsiya və rüşvətə qarşı mübarizə ilə bağlı çox ciddi bəyanatla çıxış edib. Bundan sonra, müxalifət liderləri yeni parlament seçkiləri keçirilməsi tələb edir. Prezidentin bəyanatlarının həyata keçirilməsi və yeni parlament seçkilərinin olacağı nə qədər realdır?
Cavab: Bu barədə mən, İctimai Palatanın yanvarın 29-da keçirilən sessiyasında çıxış etmişəm. Bildirmişəm ki, saxta seçkilər nəticəsində formalaşmış parlamentin buraxılması və yeni seçkilərin keçirilməsi günün əsas məsələsidir. Bu məsələ indi ziyalılar üçün çox radikal, müxalifət üçün yumşaq təklif kimi görünür, Hakimiyyət isə bunu bu gün qeyri real hesab edir. Məsələ orasındadır ki, qısa bir müddətdə, bəlkə də bir-iki ayın içində hakimiyyət buna məcbur olacaq, amma o zaman hakimiyyətin bu güzəşti cəmiyyət üçün kifayət olmayacaq. Cəmiyyət, xalq daha ciddi dəyişikliklər tələbində bulunacaq. Ona görə də, hakimiyyət indi, bu addımları atmalıdır. Bu İctimai Palatanın əsas tələbidir. Yəqin ki, hakimiyyət ciddi addımlar atmasa, kütləvi aksiyaların əsas tələbi də parlamentin buraxılması olacaq.
Sual: Dövlət başçısının korrupsiya və rüşvətlə bağlı bəyanatının nəticələri necə olacaq?
Cavab: Cəmiyyət bunu kosmetik addımlar kimi dəyərləndirir. Təbii ki, bəzi nazirliklərdə, vergidə, gömrükdə xırda-para dəyişikliklər baş verib. Ancaq, bunlar ciddi islahat deyil. Çünki, korrupsiya ayrı-ayrı nazirliklərin, adamların qərarları deyil, korrupsiya bu rejimin, Əliyev rejiminin mahiyyətini təşkil edir. Bu rejim korrupsiya üzərində qurulub. Ona görə də, hakimiyyətin korrupsiyada uğur qazanacağı absurddur. Amma, eyni zamanda hakimiyyət görüntü yaratmaq istəyir, ona görə də kampaniya aparırlar. Müsavat Partiyası hesab edir ki, korrupsiyaya qarşı mübarizə çox ciddi kompleks proqram əsasında həyata keçirilməlidir və konkret addımlar atılmalıdır. İlk addımlarda biri, bütün məmurların gəlir və əmlak bəyannamələrini açıqlamaları olmalıdır. Onlar yüz milyonlarla, milyardlarla sərvətləri və bu sərvətlərin mənbələri barədə xalqa məlumat verməlidir. Bu cür aydın, şəffaf addımlar olmadan hakimiyyətin korrupsiyaya qarşı mübarizəyə başlamasına inanmaq düzgün deyil.
Öz növbəsində, iqtidaryönümlü Ana Vətən Partiyasının sədr müavini Zahid Oruc müxalifətin dediklərini xülya hesab edir. Onun fikrincə, Azərbaycan iqtidarı özü islahatlar kursu götürüb və ərəb inqilablarının Azərbaycana təsirləri mümkün deyil. “Ayrı-ayrı şəxslərə yönəlik cinayət hadisələri də olacaq və onun məsuliyyəti də daşınacaq. Amma, bunu bütün məmurlara qarşı həbs əməliyyatı kimi dəyərləndirmək və ya ölkənin uğurlarını şübhə altın almaq da düzgün deyil. Bu qanunların dəyişdirilməsi, nəzarətliliyin və hesabatlılığın artırılması və mentalitetin dəyişməsinə səbəb olmalıdır”.
Ekspertlər prezidentin bəyanatının konkret proqramlarda və inzibati hərəkətlərlə təsdiqini tapacağına ümid edir. Bu olmadığı halda sadəcə kampaniyaçılıqdır. İqtidarda olan YAP üzvü, iqtisadçı ekspert Nazim Məmmədov Amerikanın Səsi radiosuna bildirib ki, bəyanatların davamı olaraq kadr islahatları aparılmasının şahidi olmalıyıq. “Hər hansı ölkədə qanunvericilik bazasının və sistemin mükəmməl olmasından asılı olmayaraq icraçılar insanlardır. Ona görə, hesab edirəm ki, cənab prezident kadr islahatlarını həyata keçirəcək. Bu olmazsa, kampaniyaçılıq olardı. İdarəetmənin mexanizmləri daha da dəqiqləşdirilməli, daha da təkmilləşdirilməli və islahatlar daha da dərinləşdirilməlidir. Eyni zamanda, kadr islahatlarına yüksək səviyyədə start verilməlidir. Bu halda nəyinsə dəyişəcəyini görə bilərik”, - deyə o qeyd edib.
Zahid Oruc isə dövlət başçısının bəyanatının daha ciddi hüquqi hərəkətlərə yol açacağını istisna edir. Onun fikrincə, indiki hüquqi bazanı əsas götürərək, işlək mexanizmlər tapılaraq problem həll edilməlidir. “Bunlar xarici küləklərlə əlaqəli deyil. 2003-cü ildə Gürcüstanda inqilab olanda daxildə kimlərsə hansısa rəngə boyanırdı, 2004-cü ildə Ukraynadakı şərfləri boyunlarına geydilər. Sonra İndoneziyada Suxarto rejimi, Perudakı hadisələr və sair. Bu cür xarici iqtisadi-siyasi sunamilərdən hakimiyyət uğrunda mübarizədə yararlanmaq olmaz”, - deyə o qeyd edib.