Ukraynada minlərlə insan bazar günü müxalifət lideri Saakaşvilinin həbsinə etiraz edərək, onun azad edilməsi və prezident Petro Poroşenkonun istefası tələbi ilə yürüş keçirib.
Ukrayna rəsmiləri cümə günü həbs edilən Saakaşvilini keçmiş prezident Viktor Yanukoviçin başçılığı ilə “cinayətkar qrupla” əlbir olmaqda ittiham edib və onun etirazlarının Rusiya tərəfindən Ukraynaya qarşı qəsdin bir hissəsi olduğunu bildirib. Yanukoviç 2004-cü ildə hakimiyyətdən devrildikdən sonra Rusiyaya qaçıb.
Saakaşvilinin aclıq aksiyasına başladığını elan etməsindən bir gün sonra tərəfdarları Kiyevin küçələrinə çıxaraq, onun azad edilməsini tələb edib.
“Rəsmilər qırmızı xətti keçib. Siz opponentlərinizi həbsxanaya sala bilməzsiniz”, Saakaşvilinin həyat yoldaşı Sandra Roelofs deyib.
49 yaşlı Saakaşvili 2004-cü ildən 2013-cü ilə qədər Gürcüstanın prezidenti olub. O, hakimiyyətdən sui-istifadə iddiaları ilə əlaqədar vətəni Gürcüstanda da axtarışdadır.
Rəsmilər qırmızı xətti keçib. Siz opponentlərinizi həbsxanaya sala bilməzsinizSandra Roelofs
Saakaşvili 2015-ci ildə prezident Poroşenkonun dəvəti ilə Ukraynanın Odessa vilayətinin qubernatoru təyin edilib. Lakin Saakaşvilinin prezidenti korrupsiyada ittiham edərək, onu hakimiyyətdən getməyə çağırmasından sonra onlar arasında münasibətlər pozulub.
Saakaşvili bu il ölkə xaricində olarkən Ukrayna vətəndaşlığından məhrum edilib. Lakin o, sentyabr ayında tərəfdarlarının Polşa ilə sərhəddə polis sipərini yarmasından sonra Ukraynaya qayıda bilib.