Accessibility links

Sabiq məmurlar, deputat və ombudsman cərimə olunub


Abel Məhərrəmov, Əli Abbasov və Murad Adıgözəlzadə (kollaj)
Abel Məhərrəmov, Əli Abbasov və Murad Adıgözəlzadə (kollaj)

Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmov, keçmiş Rabitə və Yüksək Texnologiyalar naziri, Milli Elmlər Akademiyasının müşaviri Əli Abbasov, Azərbaycan Dövlət Filarmoniyasının direktoru, pianoçu Murad Adıgözəlzadə, onun həyat yoldaşı Aysel Adıgözəlzadə, Milli Məclisin komitə sədri, Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov, onun həyat yoldaşı, ombudsman Səbinə Əliyeva və daha 17 nəfər Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevin nəvəsinin toy şənliyində iştirak etdiyinə görə cərimələnib.

Daxili İşlər Nazirliynin Mətbuat Xidmətinin yerli mediaya verdiyi məlumata görə, onların hər biri İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə dörd yüz manat məbləğində cərimə edilib.

Öz növbəsində, vəkil Elçin Sadıqov hesab edir ki, Milli Məclisin deputatının və ombudsmanın cərimələnməsi qanunvriciliyə ziddir.

Dünyada bizdən başqa ombudsmanı və deputatı inzibati xətaya görə cərimələyən polis yoxdur
Elçin Sadıqov, vəkil

“Hər şey qanun çərçivəsində olduqda gözəldir. Xəbərdə deyilir ki, deputat və insan hüquqları müvəkkili cərimələnib. Halbuki, Azərbaycan Konstitusiyasının 90-cı maddəsinə görə deputatın, İnsan Hüquqları Müvəkkili Haqqında Konstitusiya Qanununun 5-ci və 6-cı maddəsinə görə isə insan hüquqları müvəkkilinin toxunulmazlıq hüququ var. Onlar inzibati məsuliyyətə cəlb edilə bilməzlər.

Hər şeydə analoqumuz yoxdur. İnanıram ki, dünyada bizdən başqa ombudsmanı və deputatı inzibati xətaya görə cərimələyən polis də yoxdur,” Sadıqov qeyd edib.

AMEA-nin prezidenti Ramiz Mehdiyevin kürəkəni, sabiq millət vəkili İlham Əliyev bu günlərdə, karantin dövründə qızının toy mərasimini keçirib. Hökumətin qərarına görə karantin dövründə kütləvi tədbirlər, o cümlədən toy mərasimlərinin keçirilməsi qadağan edilib.

Bir çox yüksək vəzifəli şəxslərin, Milli Məclisin deputatının iştirak etdiyi toy mərasimi ilə bağlı sosial şəbəkələrdə yayılan videolar geniş tənqidlərə səbəb olub. İctimai tənqidlərdə hökumətin tədbir görməsi tələb edilib. Nəticədə Abşeron Rayon Məhkəməsi sabiq deputat İlhаm Əliyev və onu qudası Rövşən Mustafayevi inzibati qaydada 15 sutka həbsə məhkum edib. İqtidarda olan Yeni Azərbaycan Partiyası bu partiyanın icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzova töhmət elan edib.

Yeni Azərbaycan Partiyası sədrinin müavini Əli Əhmədov partiyanın bir sıra üzvlərinin karantin qaydalarını kobudcasına pozaraq Ramiz Mehdiyevin nəvəsinin toy mərasimində iştirakını qınayıb.

Müşahidəçilər bildirir ki, Azərbycan məhkəmə tarixində ilk dəfə olaraq keçmiş deputat İlham Əliyevin məhkəməsi televiziyalar tərəfindən canlı yayımlanıb. Karantin dövründə digər məhkəmə proseslərinə jurnalistlər buraxılmadığı halda Prezident Adminsitrasiyasının keçmiş rəhbərininn kürəkəninin məhkəməsinə çoxsaylı jurnalist dəvət edilib.

Bir sıra ictimai-siyasi şəxslər hesab edir ki, məhkəmənin cəza tədbiri həm də hakimiyyətdaxili siyasi mübarizədən xəbər verir.

Məhkəmə zalından hakimiyyətin nəzarətində olan kanalların canlı yayım etməsi, inzibati xətada təqsirləndirilən şəxslərin qollarının qandallanması və digər məqamlar onu göstərir ki, bu məhkəmə cəzası ictimai rəyi nəzərə alaraq, qanunları pozan şəxslərin cəzalandırılması deyil. Hakimiyyətin bir klanının digər klanına meydan oxumasıdır
Bəxtiyar Hacıyev, ictimai fəal

İctimai fəal Bəxtiyar Hacıyev bildirir ki, karantin dövründə Nazirlər Kabinetinin qərarları, məhdudiyyətləri kasıb, sadə xalqa ən sərt şəkildə tətbiq edilirsə, uzun müddət dövlət qulluğunda olan, dövlətçilikdən danışan məmurların və bu qanunları qəbul edən Milli Məclis üzvlərinin qanunları pozması təbii ki, cəmiyyətdə birmənalı, xoş qarşılanmamalıdır. Bu qaydaları pozan hamı, o cümlədən məlum toyda iştirak edən, onu təşkil edən şəxslər cəzalandırılmalıdır.

O hesab edir ki, hakimiyyət daxilində həm də siyasi çəkişmə gedir.

"Çünki sosial şəbəkələrdə başqa rəsmi şəxslərin də övladlarının toy və nişan məclislərinin keçirilməsi barədə fotolar, videolar yayıldı. Ancaq onlarla bağlı heç bir tədbir görülmədi. Eyni zamanda, məhkəmə zalından hakimiyyətin nəzarətində olan kanalların canlı yayım etməsi, inzibati xətada təqsirləndirilən şəxslərin qollarının qandallanması və digər məqamlar onu göstərir ki, bu məhkəmə cəzası ictimai rəyi nəzərə alaraq, qanunları pozan şəxslərin cəzalandırılması deyil. Hakimiyyətin bir klanının digər klanına meydan oxumasıdır".

Hacıyev qeyd edib ki, Azərbaycanda indiyə qədər müstəqil qaydada bu miqyasda məmurların işinə baxıb, müstəqil qərar verəcək hakim və məhkəmə tanımır:

"Bu gün ( avqustun 22-də) verilən qərar Prezident Administrasiyasından gələn komanda ilə sinxron qaydada verilmiş qərardır. Bu tapşırıq hakimiyyətin nəzarətində olan kütləvi informasiya vasitələrinə də verilib ki, oradan canlı yayım etsinlər. Eyni qaydada, polislərə tapşırıq verilib ki, inzibati iş üzrə məhkəməyə çıxarılmış şəxsə qandal taxılsın. Bu sadəcə iki klan arasında döyüşün növbəti epizodudur."

Bəxtiyar Haciyevin müşahidələrinə görə, Milli Məclis üzvləri əvvəl susmuşdular, indi ard-arda "qanun qarşısında hamı bərabərdir" məzmunlu açıqlamalar verirlər.

“Sanki, cəmiyyəti inandırmaq istəyirlər ki, burada qanunları pozan hər kəsə eyni münasibət var. Cəmiyyət isə ayıqdır və anlayır ki, bu sadəcə iki klan arasında döyüşün növbəti epizodudur".

O düşünür ki, burada Ramiz Mehdiyev də özünə dərs çıxarmalıdır.

"Uzun illər vəzifədə olarkən yüzlərlə belə sifarişli məhkəmələr olub, müstəqil şəxslərə beləcə qandallar taxılıb, hakimiyyət nəzarətində olan KİV-lər yüzlərlə müstəqil şəxsi beləcə qaralayıblar. Ramiz Mehdiyev özünün də qurucusu olduğu sistemin zərbələrini yeməyə başlayır. Digər rəsmi şəxslər də anlamalıdırlar ki, ədalətli məhkəmə olmayanyerdə bir gün onlar da bu sistemin qurbanı olacaqlar," ictimai fəal Facebook səhifəsində yazıb.

Toyda iştirak edən və yüksək pafosla çıxış edən Abel Məhərrəmovun fikirləri ziyalı adına yaraşmaz bir tərzdir. Onun xalq adından danışması və ölkəmizdə ulu öndərimizin, eləcə də prezidentimizin rəhbərliyi ilə əldə edilən uğurları başqasının ünvanına bağlaması ancaq acı təəssüf hissi yaradır
Məlahət Həsənova, Milli Məclisin deputatı

Milli Məclisin deputatı Məlahət Həsənova isə bildirirb ki, ölkədə prezidentin rəhbərliyi ilə koronavirusa qarşı çox ciddi və yüksək səviyyədə mübarizə aparıldığı bir zamanda vəzifəli adamların Operativ Qərargahın qaydalarını heçə sayılaraq, qanunların pozulması qətiyyən yolverilməzdir.

“Bu günlərdə qeyd etdiyim məlum toyun keçirilməsi Operativ Qərargahın bütün qaydalarlna zidd olmaqla pozulması və bu qaydaları rədd etmək anlamına gəlir. Xüsusiləşdirilmiş karantin dövründə bu cürə xeyir işin və ya məclisin keçirilməsi heç cürə anlaşılan deyil. Bu xeyir işdə isə millət vəkilinin iştirakı isə bütövlükdə qanuna hörmətsizlik olmaqla, cəmiyyətə də qanunun aliliyinin mənasız olması mesajını verməkdir. Həmkarımız Siyavuş Novruzovun karantin rejimində bu toyda iştirakını heç cürə anlamaq olmur. Hesab edirəm ki, istər toyu təşkil edənlərə? istərsə də bu toyda iştirak edən vəzifəli şəxslərə adekvat cəza tətbiq ediləcəkdir.”

Deputata hesab edir ki, bu insanların qanunvericiliyə uyğun olaraq cəzalandırılması ictimaiyyət tərəfindən yüksək dəyərləndirilir

“Toyda iştirak edən və yüksək pafosla çıxış edən Abel Məhərrəmovun fikirləri isə ziyalı adına yaraşmaz bir tərzdir. Onun xalq adından danışması və ölkəmizdə ulu öndərimizin, eləcə də prezidentimizin rəhbərliyi ilə əldə edilən uğurları başqasının ünvanına bağlaması isə ancaq acı təəssüf hissi yaradır,” Həsənova qeyd edib.

İctimai fəalın, deputatın fikirlərinə Ramiz Mehdiyev, onun yaxınları və rəsmi qurumlar hələ münasibət bildirməyib.

Bununla yanaşı, Ramiz Mehdiyev Prezident Administrasiyasının rəhbəri vəzifəsindən azad edildikdən sonra bir sıra ictimai-siyasi şəxslər onunla bağlı bağlı tənqidi məqalələrlə çıxış edib.

Mehdiyev bu il iyulun 8-də həmin tənqidlərə cavab olaraq bildirib ki, Azərbaycan mətbuatında Prezident Administrasiyasında işlədiyi dövrün bəzi hadisələri haqqında yazılan məlumatlar həqiqəti əks etdirmir.

Müxtəlif dövrlərdə Vəzirovun, Mütəllibovun, Xalq Cəbhəsinin, haqsız iddialı və narazı qrupların təzyiqlərinə, təhqirlərinə, hədə-qorxularına baxmayaraq Heydər Əliyev – İlham Əliyev yoluna sadiq qalmışam.
Ramiz Mehdiyevn 8 iyul açıqlamasından sitat

“Əvvəla, həmin yazıların müəlliflərinin bir çoxu müxalif mövqedə olan, bəziləri isə müxtəlif səbəblərdən hakimiyyətdən uzaqlaşdırılmış və ya hakimiyyətdə yenidən mövqe qazanmaq istəyən şəxslərdir ki, Ramiz Mehdiyev mövzusu onlara bu və ya digər şəkildə niyyətlərinə çatmaq üçün əlverişli bir vasitədir. Yazılanların hamısı birtərəfli qaydada təhrif edilərək təqdim olunan, şəxsi məqsədlərə xidmət edən uydurma və böhtanlardan ibarətdir. Bildirmək istəyirəm ki, ölkəmizə uğurla rəhbərlik etmiş ümummilli lider Heydər Əliyevin və yeni tarixi mərhələnin lideri İlham Əliyevin siyasətinə daim sədaqətlə xidmət etmişəm, ölkə rəhbərinin xalqımızı böyük çətinliklərdən qurtararaq bugünki inkişaf mərhələsinə çıxaran müdrik və uzaqgörən idarəçilik fəlsəfəsinin həyata keçirilməsinə sidqi-ürəklə xidmət etmişəm. Müxtəlif dövrlərdə Vəzirovun, Mütəllibovun, Xalq Cəbhəsinin, haqsız iddialı və narazı qrupların təzyiqlərinə, təhqirlərinə, hədə-qorxularına baxmayaraq Heydər Əliyev – İlham Əliyev yoluna sadiq qalmışam, gənclik dövründən bu günə qədər heç vaxt öz əqidəmdən dönməmişəm. Fəaliyyətimin başlıca amalını həmişə ümummilli liderin, cənab prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan müstəqillik və azərbaycançılıq siyasətinin məsuliyyətlə icrasına sərf etməkdə görmüşəm,” Ramiz Mehdiyev qeyd edib.

XS
SM
MD
LG