Accessibility links

Müsavat Partiyası Qafqaz Müsəlmanları İdarəsinin sədrini məhkəməyə verir


Müsavat Partiyası

Müsavat Partiyası Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadəni Azərbaycan Konstitusiyasını və “Seçki Məcəlləsi”ni pozduğuna görə gələn həftə məhkəməyə verəcək. Bu barədə Müsavat Partiyasının başqanı Arif Hacılı Amerikanın Səsinə bildirib.

Onun sözlərinə görə, partiyanın divanı məsələni müzakirə edib və bu barədə qərar qəbul edib.

Müsavat Partiyasının başqanı Arif Hacılı
Müsavat Partiyasının başqanı Arif Hacılı

“Azərbaycan Konstitusiyasına görə din dövlətdən ayrıdır, din xadimləri siyasətlə məşğul ola bilməz. Qafqaz Müsəlmanları İdarəsinin sədri məscidlərin rəhbərlərinə xütbələri zamanı dindarları İlham Əliyevə səs verməyə çağırılması barədə göstəriş verib və buna nəzarət olunacağını deyib. Bununla o həm də “Seçki Məcəlləsi”ni pozub. Belə ki, seçkilərdə hələ təbliğat kampaniyası başlamayıb”, Arif Hacılı qeyd edib.

Fevralın 14-də Qafqaz Müsəlmanları İdarəsində (QMİ) keçirilən tədbirdə dini konfensiyaların rəhbərləri prezident seçkiləri ilə əlaqədar müraciət də (https://www.qafqazislam.com/index.php?lang=az&sectionid=news&id=2021) qəbul edib.

“Biz, dindarlar hər zaman şükranlıqla dualar edirik ki, vətənimizin taleyinə müdrik, mənəvi dəyərlərə önəm verən, bizlərə həyatın bütün sahələrində olduğu kimi, dini-mənəvi sahədə də fəxarət doğuran anlar yaşadan dövlət başçısı qismət olub. Zati-aliləri İlham Əliyevə verilən ən böyük dəyər Azərbaycan xalqının məhəbbət və etimadıdır.

Qafqaz Müsəlmanları İdarəsində 14 fevral tədbiri
Qafqaz Müsəlmanları İdarəsində 14 fevral tədbiri

Aprelin 11-də Azərbaycan Respublikasında keçiriləcək prezident seçkiləri, heç şübhəsiz ki, xalqımızın həyatında mühüm siyasi hadisə olmaqla, hər bir dindar üçün də taleyüklü, önəmli məqamdır. Biz bütün Azərbaycan dindarlarını uca mənəviyyat yolunun davamına – Yeni Azərbaycan Partiyasının lideri İlham Əliyevin namizədliyini dəstəkləməyə çağırırıq”, müraciətdə qeyd edilir.

Xatırladaq ki, fevralın 14-dən başlayaraq Azərbaycan Ağsaqqallar Şurası, çoxsaylı QHT-lər, dini konfessiya rəhbərləri, Elmlər Akademiyası, Mətbuat Şurası, Yazıçılar, Rəssamlar ittifaqları və başqa qurumlar oxşar müraciətlər yayıb.

Azərbaycan Konstitusiyasının 18-ci maddəsinə görə din dövlətdən ayrıdır. Bütün dini etiqadlar qanun qarşısında bərabərdir.

“Dini etiqad azadlığı haqıında” qanuna görə, din xadimləri, dini qurumlar siyasətlə məşğul ola bilməz. Qanun 5-ci maddəsində deyilir ki, din xadimləri dövlət orqanlarına seçildikdə və ya təyin olunduqda onların din xadimi kimi fəaliyyəti həmin vəzifədə olduqları müddətdə dayandırılır.

Eyni zamanda, 2018-ci il fevralın 8-də rəsmi mətbuatda Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi növbədənkənar prezident seçkilərinin hazırlanması və keçirilməsi ilə bağlı əsas hərəkət və tədbirlərin Təqvim Planı dərc edilib.

“Seçkiqabağı təşviqat martın 19-da başlayır və 10 aprel saat 8.00-da başa çatır”, həmin planda qeyd edilib.

Qafqaz Müsəlmanları İdarəsi hələ Müsavat Partiyasının məhkəməyə müraciət edəcəyi ilə bağlı məlumata münasibət bidirməyib.

Azərbaycanda növbədənkənar prezident seçkiləri aprelin 11-də keçiriləcək. İlk dəfə olaraq Azərbaycanda prezident 7 il müddətinə seçiləcək.

XS
SM
MD
LG