Respublikaçılar Partiyası bazar ertəsi namizədini müəyyənləşdirmək üçün qurultaya başlayır. Tramp bu həftənin sonunda partiyanın prezidentliyə namizədi kimi rəsmi şəkildə elan ediləcək. Bu, rəsmilərin şənbə günü mitinqində Trampa sui-qəsd cəhdi ilə bağlı suallara cavab axtardığı vaxt baş verir.
Viskonsin ştatının Miluoki şəhərində keçirilən qurultayda təhlükəsizlik ciddi şəkildə diqqət mərkəzindədir, lakin federal hüquq-mühafizə orqanları onsuz da geniş təhlükəsizlik tədbirlərinə heç bir dəyişiklik planlaşdırmadıqlarını deyirlər.
ABŞ Məxfi Xidmətinin konvensiya üzrə koordinatoru Odri Gibson-Çikino bazar günü televiziya brifinqində "Biz bu tədbirin təhlükəsizlik planlarına arxayınıq və başlamağa hazırıq. Təhlükəsizliklə bağlı hər hansı dəyişiklik gözləmirik" - deyə, o qeyd edib.
Tramp “The Washington Examiner” qəzetinə deyib ki, cümə axşamı qurultayda çıxışı “həqiqətən sərt” olacaqdı və diqqəti ABŞ prezidenti Co Baydenin siyasətinə yönəldəcəkdi, lakin indi bu, milli birlik çağırışlarını ehtiva edəcək.
“Bu, bütün ölkəni, hətta bütün dünyanı bir araya gətirmək şansıdır. Çıxış iki gün əvvəl olduğundan çox fərqli olacaq”, Tramp qəzetə deyib.
“Hücum bir millət olaraq müdafiə etdiyimiz hər şeyə ziddir. Biz xalq olaraq belə deyilik. Bu, Amerikasayağı deyil. Və bunun baş verməsinə yol verə bilmərik” - deyə, Bayden bazar günü bildirib.
O, Məxfi Xidmətin Trampı "onun davamlı təhlükəsizliyini təmin etmək üçün lazım olan bütün resurs imkanları və mühafizə tədbirləri" ilə təmin edəcəyini vəd edib.
Bayden həmçinin bu həftə Respublikaçıların ölkəyə dair öz baxışlarını təqdim edərkən onu tənqid etmələrini gözlədiyini və administrasiyasının işini təşviq etmək üçün bu həftə öz tədbirlərindən istifadə edəcəyini qeyd edib.
"Mən demokratiyamız üçün qətiyyətlə danışmağa, Konstitusiyamızı və qanunun aliliyini müdafiə etməyə, seçki qutusuna gəlməyi təşfiq etməyə, küçələrimizdə zorakılığa yol verməməyə çağırış etməyə davam edəcəm. Demokratiya belə işləməlidir" - deyə, Bayden bildirib.
Forum