Accessibility links

Azərbaycan və Fransa prezidentləri görüşüb


İlham Əliyev və Fransua Oland
İlham Əliyev və Fransua Oland

Martın 14-də Parisdə prezident İlham Əliyevin və Fransa prezidenti Fransua Ollandın görüşü olub.

Azərbaycan prezidentinin rəsmi saytının məlumatına görə, görüşdə iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən nəqliyyat, kənd təsərrüfatı, infrastruktur, kosmik sənaye, turizm, bərpa olunan enerji, ətraf mühit sahələrində səmərəli əməkdaşlığın həyata keçirildiyi bildirilib.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.

İlham Əliyev və Fransua Oland
İlham Əliyev və Fransua Oland

Görüşün nəticəsi olaraq iki ölkə arasında ekologiya, təbii sərvətlər, ətraf mühit, enerji, dəniz, iqlim, vətəndaşlara xidmət və sosial innovasiyalar, dövlət islahatları, informasiya və kommunikasiya texnologiyaları sahələrində əməkdaşlığa dair anlaşma memorandumları, şəhərsalma və arxitektura, mənzil və davamlı yaşayış sahəsində niyyət protokolu, həmçinin iki dövlət arasında kredit müqaviləsi ikzalanıb.

İmzalanma mərasimindən prezidentlər bəyanatla çıxış edib.

Fransa prezidenti Fransua Ollandın bəyanatında deyilir ki, iki dövlət başçısı münasibətlərinin əsasını qoyub.

Bizim yeganə məqsədimiz sülhdür. Biz təkcə regionda deyil, eyni zamanda, qlobal səviyyədə təhdid olan və bizim də üzləşdiyimiz terrorizmə qarşı sülh axtarırıq.

Fransua Oland

“Eyni zamanda, biz digər kontekstdə - Dağlıq Qarabağ münaqişəsinin həlli yolunu tapmaq haqqında da danışdıq”.

Prezident Oland deyib ki, Azərbaycan ilə Fransa arasında bir çox sahələrdə, xüsusilə siyasi sahədə yaxşı əlaqələr var.

“Bizim yeganə məqsədimiz sülhdür. Biz təkcə regionda deyil, eyni zamanda, qlobal səviyyədə təhdid olan və bizim də üzləşdiyimiz terrorizmə qarşı sülh axtarırıq”, o qeyd edib.

Fransa prezidentinin sözlərinə görə, iqtisadi kontekstdə ölkəsinin şirkətləri artıq Azərbaycanda fəaliyyət göstərir.

İlham Əliyev və Fransua Oland
İlham Əliyev və Fransua Oland

"Çalışırıq ki, bizim şirkətlər bu ölkədə sərmayə yatırsınlar, kontraktlar imzalayaraq əhalini lazımi təchizatla təmin etsinlər. Çox şadam ki, cənab Əliyevlə MEDEF şirkətləri arasında məhsuldar müzakirələr aparılıb. Bir çox kontraktların imzalanması barədə danışılıb, xüsusilə də “Thales lnternational” şirkəti ilə”.

F.Oland deyib ki, ətraf mühit sahəsində əməkdaşlıq, ekoloji problemlərin həlli, - infrastruktur, bərpa olunan enerji, ətraf mühit və təhsillə bağlı əməkdaşlıq məsələri danışıqların mövzusu olub.

“Azərbaycan ilə Fransa arasında belə bir konsepsiya var ki, yeni texnologiyalar – rəqəmsal texnologiya iqtisadi inkişafa xidmət etsin”, prezident bildirib.

Fransa prezidenti Azərbaycan-Avropa İttifaqı əlaqələrinə də toxunub.

“Birincisi, Azərbaycan ilə Avropa İttifaqı arasındakı danışıqların başlanmasıdır. Biz istəyirik qarşıya qoyulan məqsədlərə nail olunsun. Şərq Tərəfdaşlığı çərçivəsində Avropa bu danışıqlara başlayıb və Fransa bunu elə ilk gündən dəstəkləyir”.

F.Oland Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələrə toxunaraq deyib ki, görüşdə bu məsələ haqqında danışıblar.

Mövcud status-kvo qəbuledilməzdir. Risklər var və biz bunu keçən ilin aprel ayında baş verən insidentdən də gördük. Biz danışıqların yenidən bərpa olunmasını arzulayırıq.

Fransua Oland

“Bildirdik ki, mövcud status-kvo qəbuledilməzdir. Risklər var və biz bunu keçən ilin aprel ayında baş verən insidentdən də gördük. Biz danışıqların yenidən bərpa olunmasını arzulayırıq. Minsk qrupunun həmsədri kimi istəyirik ki, digər həmsədrlər - ABŞ və Rusiya da bu prosesə töhfə versin. Düşünürük ki, parametrlər bəllidir və uzun müddətdir davam edən bu münaqişənin həlli yolunu tapmaq mümkündür. Hesab edirik ki, hər dəfə sülhə töhfəmiz beynəlxalq səviyyədə həyata keçirmək istədiyimiz fəaliyyətin və qurmaq istədiyimiz münasibətlərin məğzidir. Xüsusilə də gərginliklər olanda və hazırda Avropa ilə Türkiyə arasında olan vəziyyətdə. Bizim rolumuz aydın şəkildə bildirməkdir ki, nəyi qəbul edirik, nəyi qəbul etmirik. Avropa ilə Türkiyə arasında olan münasibətlərin sabitləşməsi üçün də töhfəmizi verməliyik. Digər mövzularda olduğu kimi, bu mövzu ilə də bağlı dialoqu təşviq etməliyik”, Fransa prezidenti qeyd edib.

Prezident İlham Əliyev bəyanatında deyib ki, iki ölkə arasında inkişafda olan siyasi dialoq çox fəal mərhələyə qədəm qoyub.

“Biz bu gün də bu dialoqu davam etdiririk. Görürük ki, bir çox məsələlərlə bağlı bizim mövqeyimiz üst-üstə düşür. Əlbəttə ki, güclü siyasi əlaqələr bütün sahələrdə inkişafda olan əlaqələrə də müsbət təsir göstərir”.

İlham Əliyev və Fransua Oland
İlham Əliyev və Fransua Oland

Onun fikrincə, Fransa Minsk qrupunun həmsədri kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda öz səylərini göstərir.

“Biz bu səyləri yüksək qiymətləndiririk. Xüsusilə mən 2014-cü ilin sonlarında Sizin təşəbbüsünüzlə bu Yelisey sarayında Ermənistan prezidenti ilə keçirdiyim görüşü qeyd etmək istəyirəm. Çox konstruktiv və müsbət bir görüş idi. Əfsuslar olsun ki, bu görüşdən sonra danışıqlar prosesində müəyyən durğunluq müşahidə olundu. Biz istəyirik ki, məsələ beynəlxalq hüququn norma və prinsipləri əsasında tezliklə öz həllini tapsın. Ermənistan beynəlxalq birlik tərəfindən tanınan Azərbaycan torpaqlarını uzun illərdir ki, işğal edib. Dağlıq Qarabağı və onun ətrafında yerləşən yeddi bölgəni işğal altında saxlayır. O bölgələrdən bütün Azərbaycan əhalisi, yüz minlərlə insan qovulubdur. Orada bütün infrastruktur və binalar dağıdılıb”.

Əliyev bildirib ki, ATƏT-in faktaraşdırıcı missiyaları işğal edilmiş torpaqlara iki dəfə səfər edib və öz məruzələrində bunu ifadə edib.

Ermənistan BMT qətnamələrin icrasına görünür ki, meyilli deyil. Ona görə birinci mərhələ üçün hazırda tezliklə danışıqlar bərpa edilməlidir. Ermənistan danışıqlardan boyun qaçırmamalıdır.

İlham Əliyev

“BMT Təhlükəsizlik Şurası münaqişə ilə bağlı dörd qətnamə qəbul edib. Bu qətnamələrdə açıq-aydın göstərilir ki, erməni qüvvələri işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. O qətnamələr 1990-cı illərin əvvəllərində qəbul edilmişdir. Ermənistan bu qətnamələrin icrasına görünür ki, meyilli deyil. Ona görə birinci mərhələ üçün hazırda tezliklə danışıqlar bərpa edilməlidir. Ermənistan danışıqlardan boyun qaçırmamalıdır. Cənab Prezident Ollandın qeyd etdiyi kimi, status-kvo qəbuledilməzdir. Minsk qrupuna həmsədr olan ölkələrin prezidentləri - Fransa, Rusiya və Amerika prezidentləri bir neçə dəfə deyiblər ki, status-kvo qəbuledilməzdir. Biz də bunu deyirik və istəyirik ki, tezliklə status-kvo dəyişdirilsin və münaqişəyə son qoyulsun, bölgəmizdə sülh təmin edilsin və Azərbaycan köçkünləri öz doğma torpaqlarına qayıda bilsinlər”, Azərbaycan prezidenti deyib.

Prezident Əliyev iqtisadi əlaqələrdən danışarkən deyib ki, Fransa şirkətləri Azərbaycan iqtisadiyyatına 2 milyard dollardan çox sərmayə qoyub və Azərbaycanda bir çox önəmli layihələrdə iştirak edir.

“Azərbaycanın kosmik sənayesinin inkişafında Fransa şirkətləri bizə dəstək olurlar. Eyni zamanda, şəhər nəqliyyatı, nəqliyyat, infrastruktur, su, içməli su layihələri, ekoloji layihələr və digər layihələr icra edilir”.

Əliyev iki ölkənin humanitar və təhsil sahəsində də uğurlu əməkdaşlıq etdiyini bildirib.

Avropa İttifaqı ölkələri bizim əsas ticarət tərəfdaşlarımızdır. Bizim məhsullarımızın böyük əksəriyyəti Avropaya ixrac edilir və eyni zamanda, Avropa İttifaqı Azərbaycanda ən böyük investordur.

İlham Əliyev

Prezident qeyd edib ki, Avropa İttifaqı-Azərbaycan əlaqələri böyük əhəmiyyət daşıyır.

“Keçən ay Avropa İttifaqı ilə yeni tərəfdaşlıq sazişi ilə əlaqədar danışıqlara start verildi. Avropa İttifaqı ölkələri bizim əsas ticarət tərəfdaşlarımızdır. Bizim məhsullarımızın böyük əksəriyyəti Avropaya ixrac edilir və eyni zamanda, Avropa İttifaqı Azərbaycanda ən böyük investordur. Biz müxtəlif layihələr icra edirik və onların arasında xüsusilə Cənub Qaz Dəhlizini qeyd etmək istəyirəm. Azərbaycanın təşəbbüsü ilə icra edilən bu strateji qaz kəməri Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verəcək. “Cənub Qaz Dəhlizi” layihəsinin ümumi dəyəri 40 milyard dollardır və Azərbaycan da həm sərmayədar, həm icraçı, həm də təşəbbüskar ölkə kimi bu layihənin həyata keçirilməsində fəal iştirak edir”, dövlət başçısı qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG