Azərbaycanın keçmiş müdafiə naziri Səfər Əbiyevin Çexiya vətəndaşlığı alması ilə bağlı yayılan məlumatlar tam yalandır. Bu barədə Əbiyevin yaxınlarından biri Amerikanın Səsinə bildirib.
“O xaricdə müalicə alır və bu günlərdə vətənə dönəcək”, o qeyd edib.
Çexiyanın Azərbaycandakı səfirliyi də Əbiyevin Çexiya vətəndaşı olması ilə bağlı mediada yayılan məlumatları Amerikanın Səsinə təsdiq etməyiblər.
“Bizdə Səfər Əbiyevin Çexiya vətəndaşlığı alması barədə məlumat yoxdur”, səfriliyin əməkdaşı bildirib.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Amerikanın Səsinə deyiblər ki, Əbiyev 2014-cü ilin martında ordu sıralarından tərxis edilib.
General-polkovnik Səfər Əbiyev 1995-2013-cü illərdə Azərbaycanın müdafiə naziri olub.
Xatırladaq ki, yerli mediada son günlər keçmiş nazir Əbiyevin Çexiya vətəndaşlığı alması barədə məlumatlar tirajlanır. Sosial şəbəkələrdə bununla bağlı geniş müzakirələr aparılır.