Accessibility links

ABŞ səfiri: “Digər ölkələr də ABŞ-da insan haqları məsələsini tənqid və təhlil edir, burda qəbahət yoxdur"


“Digər ölkələr də ABŞ-da insan haqları məsələsini tənqid və təhlil edir. Mən hesab edirəm ki, burada qəbahət yoxdur, bu cür tənqid və təhlillər bütün ölkələr arasında dialoqun bir hissəsidir”.

APA-nın məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.

Səfir qeyd edib ki, ABŞ və dünyanın digər ölkələri üçün insan haqları məsələsi önəmlidir.

O, Azərbaycanda keçiriləcək Avropa Oyunlarını dəstəklədiyini qeyd edib: “Öncə ABŞ insanlar arasında körpü qurmaq, onları bir araya gətirməkdə idmandan istifadə etmək fikrini dəstəkləyir. ABŞ Avropada yerləşmədiyi üçün bu oyunlarda iştirak etməyəcək. Amma biz bütün iştirakçılara və Azərbaycan idmançılarına uğurlar arzulayırıq”.

Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlara münasibət bildirən diplomat həmsədrlərin bu yaxınlarda Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə görüşdüklərini xatırladıb.

"Hər iki ölkənin xarici işlər nazirləri ilə görüşlərdə bu il ərzində iki ölkənin prezidentləri arasında görüşün təşkili məsələsi müzakirə olunub", - deyə diplomat bildirib.

Son dövrlərdə Qərb ölkələri, o cümlədən ABŞ rəsmilərinin Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı narahatlıq bildirməsindən sonra Azərbaycandakı rəsmi və hökumətyönlü mediada Amerika tənqid hədəfinə çevrilib. Bu ölkədə insan haqlarının vəziyyəti də tənqid edilir.

XS
SM
MD
LG