Accessibility links

Aİ rəsmisi Ukraynaya artilleriya tədarükü üzrə öhdəliklərin mart ayına qədər yerinə yetirilməyəcəyini bildirib 


Avropa İttifaqı (Aİ) gələn mart ayına qədər Ukraynaya bir milyon artilleriya mərmisi və raket tədarükü ilə bağlı daha əvvəl bəyan etdiyi hədəfinə çata bilməyəcək.

Almaniyanın müdafiə naziri Boris Pistorius bu barədə çərşənbə axşamı Avropa İttifaqı müdafiə nazirlərinin Belçikanın paytaxtı Brüsseldə keçirilən sammitindən əvvəl bildirib.

Pistoriusun açıqlamaları Avropa İttifaqının yüksək səviyyəli rəsmisi tərəfindən edilən ilk etirafdır. Lakin bir çoxları bununla bağlı aylardır özəl şəkildə şübhələrini ifadə edirdi.

Bu öhdəlik Ukraynanın Rusiya qüvvələri ilə təxminən iki ildir davam edən müharibədə artilleriya mərmilərinə ehtiyacına cavab olaraq mart ayında qəbul edilib. Öhdəlik Ukraynaya silah-sursat tədarükünü artırmaq üçün üç hissədən ibarət proqramın bir hissəsi idi. Onun birinci hissəsində Avropa İttifaqına üzv dövlətlər öz ehtiyatlarından töhfə verməli idilər.

İkinci hissə Avropa İttifaqı ölkələrininin birgə satınalma təşəbbüsü çərçivəsində sənayedən yeni mərmilər sifariş edilməsini əhatə edir.

Pistorius bildirib ki, Avropa İttifaqı Ukrayna üçün silah və sursat istehsalını artırmaq üçün silah istehsalçıları ilə birlikdə işləyir.

Pistoriusun bu açıqlamaları Berlindəki siyasi mənbənin bazar günü bildirdiyinə görə, Almaniya kansleri Olaf Şoltzun hakim koalisiyasının gələn il ölkənin Ukraynaya hərbi yardımını ikiqat artıraraq, təxminən 8,5 milyard dollara çatdırmaq barədə razılıq əldə etməsindən cəmi iki gün sonra verilib.

Forum

XS
SM
MD
LG