Accessibility links

Sergey Lavrov: Qarabağ nizamlanması üzrə ən mürəkkəb məsələlər razılaşdırılmayıb


Sergey Lavrov
Sergey Lavrov

Rusiya xarici işlər naziri Dağlıq Qarabağ münaqişəsindən danışıb

“Qarabağ nizamlanması mövzusu çox incə məsələdir. Ona görə də danışıqların detalları konfidensial xarakter daşıyır. Bununla belə deyə bilərəm ki, bir çox aspektlər artıq razılaşdırılıb. Bir neçə məsələ qalıb, lakin onlar ən mürəkkəbidir. Konsensus hələlik əldə etmək mümkün olmayıb. Bununla belə iş davam edir”. Bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov APA agentliyinə müsahibəsində bildirib.

Nazir Lavrov mediada onun münaqişənin nizamlanması ilə bağlı layihəsinin olması barədə yayılan xəbərləri təkzib edib.

“Dəfələrlə açıq şəkildə bildirmişəm ki, heç bir “Lavrov planı” mövcud deyil. Hazırda müzakirə olunan ideyaların əsasını ATƏT-in Minsk qrupunun üç həmsədr ölkəsi tərəfindən kollektiv şəkildə hazırlanmış təkliflər təşkil edir. Daha dəqiq desək, söhbət Rusiya, ABŞ və Fransa prezidentlərinin birgə bəyanatlarında əksini tapmış məqamlardan gedir”.

Nazirin dediyinə görə, hazırda tərəflər Minsk qrupunun həmsədr dövlət başçılarının bəyanatlarında əksini tapan təməli inkar etməməklə yanaşı, onların həyata keçirilməsi ardıcıllığını fərqli görürlər.

“Bu təklifləri dəyişdirmək və ya həmsədrlərin hazırladığı sxemi kardinal şəkildə dəyişən hansısa yeni planlar təklif etməkdən söhbət getmir. Əsas məsələ balanslaşdırılmış siyasi həll tapmaqda tərəflərə kömək etməkdir. Bu, hüquqi öhdəliklərdən ibarət sənədlərin hazırlanması mərhələsinə keçməyə imkan verəcək”, o qeyd edib.

Suiya xarici işlər nazirinin fikrincə, Rusiya, ABŞ və Fransa Dağlıq Qarabağ nizamlanması üzrə əsas danışıqlar platforması olan ATƏT-in Minsk qrupunun həmsədr ölkələridir.

“Bu heyətdə “üçlük” 1997-ci ildə formalaşıb və o vaxtdan onun işi komanda yanaşması şəklində qurulur. Artıq tərəfləri nizamlanmanın əsas aspektləri üzrə kompromis axtarışına stimullaşdıran yüksək səviyyəli birgə bəyanatlardan söz açdım. Xarici siyasət idarələrimizin xətti ilə dayanıqlı qarşılıqlı fəaliyyət qurulub. Bariz nümunə ABŞ dövlət katibinin təşəbbüsü ilə ötən ilin aprel hadisələrindən sonra Rusiyanın xarici işlər naziri və Fransanın Avropa işləri üzrə dövlət nazirinin iştirakı ilə Ermənistan-Azərbaycan sammitinin keçirilməsidir. Bu görüşdə münaqişə zonasında vəziyyətin sabitləşdirilməsi ilə bağlı önəmli məsələlər nəzərdən keçirilib. Öz növbəsində amerikalı və fransalı həmsədrlər Sankt-Peterburq görüşünün yekun hissəsinə dəvət olundular. Hər üç həmsədr öz aralarında fəal əməkdaşlıq edirlər. Regionu müntəzəm şəkildə ziyarət edən hər üç həmsədr Ermənistan və Azərbaycan rəhbərliyi ilə danışıqlarda vahid mövqedən çıxış edirlər. Hesab edirəm ki, bu cür komanda yanaşması onun göstəricisidir ki, beynəlxalq münaqişələrin aradan qaldırılmasında necə əməkdaşlıq etmək lazımdır. Ümid edirəm ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Vaşinqton və Parislə sıx qarşılıqlı fəaliyyətimiz davam edəcək”, o vurğulayıb.

Nazir Avrasiya İttifaqından danışarkən deyib ki, Azərbaycanın Avrasiya inteqrasiyasında mümkün iştirakını yalnız alqışlaya bilər.

“Avrasiya İqtisadi İttifaqının 2 illik fəaliyyəti dövründə onun üzvlərini sayı 3-dən 5-ə yüksəlib. Bu, onu təsdiqləyir ki, ittifaq üzv ölkələrə ciddi üstünlüklər vəd edir və bu üstünlüklərə yalnız iqtisadi məkana çıxış imkanı əldə edərək nail olmaq mümkündür. Bu gün Avrasiya İqtisadi İttifaqı 182 milyondan çox əhaliyə malik tutumlu ümumi bazardır və bu çərçivədə “dörd azadlıq” təmin olunub: mal, xidmət, kapital və əmək resurslarının maneəsiz hərəkəti. Xarici iqtisadi maraqların reallaşdırılmasının faydalarını ayrıca qeyd etmək lazımdır: bu cür güclü inteqrasiya birliyinin tərkibində olmaqla, üçüncü tərəflərlə təmaslar zamanı bu maraqları müdafiə etmək daha effektiv hala gəlib”, Lavrov qeyd edib.

XS
SM
MD
LG