Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində səsvermə başa çatıb. Saat 17-yə olan rəsmi məlumata görə seçici fəallığı 69,93 faiz olub.
Səsvermə saat 19:00-da yekunlaşıb.
Artıq səslərin sayılmasına başlanıb. Qanunvericiliyə görə, saat 19.00-dan etibarən məntəqələrin qapısı bağlanmalıdır.
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib ki, seçkilərə hazırlıq yüksək səviyyədə təşkil olunub, bütün məntəqələr səsvermə üçün açıq olub.
Bakı vaxtı ilə saat 8-də səsvermə başlayıb.
Azərbaycanda 5 milyon 309 min 434 seçici var. Səsvermə 125 seçki dairəsi üzrə 5641 seçki məntəqəsində keçirilir.
Seçkilərdə 8 namizəd – hazırkı prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev, öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş, Milli Məclisin deputatı Zahid Oruc, Azərbaycan Sosial Demokrat Partiyasının sədri, Milli Məclisin deputatı Araz Əlizadə, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, Milli Məclisin deputatı Qüdrət Həsənquliyev, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, Milli Məclisin deputatı Fərəc Quliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, "Cəbhəçilərin təşəbbüs qrupu" adlı təşəbbüs qrupu tərəfindən namizədliyi irəli sürülmüş Razi Nurullayev və Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu iştirak edir.
Müstəqilliyi təsdiq olunmamış “ELS” araşdırmalar mərkəzinin apardığı “exit-poll”un nəticələrinə görə, hazırki prezident İlham Əliyevin – 82,71, Qüdrət Həsənquliyevin – 4,23, Sərdar Cəlaloğlunun - 3,56, Zahid Orucun - 3,37, Hafiz Hacıyevin - 2,1, Araz Əlizadənin - 1,87, Fərəc Quliyevin - 1,33, Razi Nurullayevin 0,92 faiz səs toplayacağını ehtimal edir.
Araşdırma mərkəzi 80 min seçicinin anketini araşdırdıqdan sonra bu nəticəyə gəldiyini bildirib.
Dördüncü dönəm seçkilərə qatılan Prezident İlham Əliyevin hakimiyyətdə qalacağı gözlənilir. O, 2003-cü ildən bəri hakimiyyətdədir. Ondan əvvəl Azərbaycanı 1993-cü ildə hakimiyyətə gəlmiş atası Heydər Əliyev idarə edib.
Qərbli müşahidəçilər ötən 25 ildə Azərbaycanda keçirilən seçkilərin beynəlxalq standartlara cavab vermədiyi qənaətindədir.
Dördüncü dönəm seçkilərə qatılan Prezident İlham Əliyevin hakimiyyətdə qalacağı gözlənilir.
Azərbaycanda 5 milyon 309 min 434 seçici var. Səsvermə 125 seçki dairəsi üzrə 5641 seçki məntəqəsində keçirilir.
Ölkənin 32 ölkədə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarında 41 məntəqədə seçki məntəqəsi yaradılıb.
Seçkiləri izləmək üçün 894 beynəlxalq, 58 min 175 yerli müşahidəçi akkreditə olunub.
Beynəlxalq insan haqları təşkilatları və Qərb mətbuatı Azərbaycanda siyasi atmosferin repressiv olduğunu və səsvermənin rəqabətsiz şəraitdə keçdiyini elan ediblər.
Azərbaycanın əsas müxalifət qüvvələri sayılan Milli Şura, AXCP və Müsavat Partiyası seçkiləri boykot edir.
Milli Şura aprelin 14-də Bakı şəhərində etiraz aksiyası keçirəcəyini bəyan edib. Ötən həftələrdə seçkiləri boykot edən qüvvələr bir neçə icazəli mitinq keçiriblər.