Accessibility links

S.Seyidov: "Azərbaycan Avropa Şurasından çıxarılsa, dünya dağılmayacaq"


Avropanın içərisində püxtələşmiş, formalaşmış, Azərbaycanı istəməyən qüvvələr fikirləşirlər ki, Azərbaycanı Avropa Şurasından çıxarsaq, bununla dünya dağılacaq. Vallah dünya da dağılmayacaq, problem də olmayacaq. Problem daha çox Azərbaycan üçün yox, Avropa Şurası üçün olacaq. Rusiya çıxdı Avropa Şurasından, nə oldu? Hər iclasda müzakirə olunur ki, Rusiyanı hansı yolla qaytaraq?”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Avropa Şurasının baş katibi Torbjorn Jaglandın söylədiklərinə münasibət bildirərkən belə deyib. Jagland Azərbaycana qarşı “misli görünməmiş hüquqi hərəkət” edilməsinə, ölkənin qurumdan uzaqlaşdırılmasına çağırıb. Buna səbəb Avropa İnsan Haqları Məhkəməsinin qərarına rəğmən Bakının siyasi məhbusu azadlığa buraxmaqdan imtinası göstərilir.

“Azərbaycanın Avropa Şurasından çıxmaq ehtimalı yoxdur”

Səməd Seyidov AzadlıqRadiosu-na açıqlamasında bildirib ki, Avropa Şurasının və onun qurumlarının apardığı siyasət, üzv ölkələrlə münasibəti “böhran içərisindədir”: “Yaxşı, Polşanı da çıxarın, Azərbaycanı da, Macarıstanı da, Türkiyəni də çıxarın. Nə olacaq onda? Nə üçün lazımdır onda bu təşkilat? Çıxara-çıxara getsinlər, qalacaq İngiltərəylə Fransa? Ya da Norveçlə İsveç? Divar hörmək, Avropa Şurası özünə elit bir klub yaratmaq istəyirsə, yaratsın. Bizim bura nə dəxlimiz var? Yox, bizimlə əməkdaşlıq etmək, dərdimizə şərik olmaq istəyirsinizsə, işğal olunmuş torpaqları azad etmək üçün beynəlxalq qanunun aliliyini təmin etmək istəyirsinizsə, problemlərimizi dərk etmək istəyirsinizsə, gəlin, əməkdaşlıq edək. Bəzən sual verirlər ki, Azərbaycanın Avropa Şurasından çıxmaq ehtimalı var? Sual qoyulmalıdır ki, ümumiyyətlə, bu təşkilatın əhəmiyyəti var? Bu nöqteyi-nəzərdən yanaşsaq, Azərbaycanın Avropa Şurasından çıxmaq ehtimalı yoxdur, sıfır dərəcəsindədir”.

“Sanksiya dili işləmir”

Bununla belə, nümayəndə heyətinin rəhbəri Bakının Avropa Şurası ilə əməkdaşlıqda maraqlı olduğunu bildirir. O ki qaldı Avropa Parlamentinin sentyabrın 13-də “Azərbaycanın pulyuyan maşını” (OCCRP jurnalistika layihəsinin Azərbaycandan çıxarılan pullara dair araşdırması. Araşdırmada 2012-2014-cü illərdə ölkədən 2.9 milyard dollar pulun çıxarıldığı, həmin pulların Avropada rüşvət kimi verildiyi, mənimsənildiyi iddia olunur – red.) üzrə araşdırma başlamasıyla bağlı qətnamə qəbul etməsinə, Səməd Seyidov deyir:

“Qəbul etdilər, sonra? Dünən AP-də Türkiyə məsələsi müzakirə olunanda bir deputat dedi: “Biz başa düşməliyik ki, Türkiyədə yox, bizim içərimizdə xəstəlik var”. Biz dəfələrlə demişik ki, problemlər var, gəlin söhbət edək. Öz siyasi reytinqinizi artırmaqla problemi həll etməyəcəksiniz”.

Azərbaycana sanksiyaların tətbiqinə dair təkliflərə münasibət bildirən Seyidovun fikrincə, son illərin təcrübəsi göstərir ki, “sanksiyalar qeyri-produktiv” yoldur və ümumiyyətlə, “sanksiya dili” müasir dünyada “işləmir”. “Bu sanksiya tətbiq edənin özünə daha çox problem yaradır, nəinki sanksiya tətbiq ediləcək tərəfə”, - nümayəndə heyətinin rəhbəri söyləyir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG