Accessibility links

Jurnalistin məhkəməsi dekabrın 14-nə təyin edilib


Seymur Həziyev (Foto Ülvi Həsənlinindir)
Seymur Həziyev (Foto Ülvi Həsənlinindir)

Noyabrın 20-də Abşeron rayon Məhkəməsində jurnalist Seymur Həzinin işi üzrə hazırlıq iclası davam edib.

Noyabrın 11-də keçirilən iclasda müdafiə tərəfi hakim Şövkət Nəcəfovaya qarşı etirazla çıxış edib. Etiraz təmin olunmayıb.

Sonra müdafiə tərəfi sosial şəbəkələrdə S.Həzi və digər müttəhim Məhərrəm Həsənovun arasında yazışmanın olub-olmadığını müəyyən etmək üçün mütəxəssisin dəvət olunmasını xahiş edib.

Dövlət ittihamçısı bu vəsatəti dəstəkləsə də M.Həsənov və onun vəkili bunun əleyhinə olublar. Vəsatət baxılmamış saxlanılıb.

İşə mahiyyəti üzrə baxılması dekabrın 14-nə təyin edilib.

S.Həzi avqustun 29-da saxlanılıb. Ertəsi gün Baş Prokurorluq bildirib ki, S.Həzi Bakı sakini M.Həsənovu başından butılka ilə vurub. Jurnalistə qarşı CM-in 221.3 maddəsi (silah və ya silah kimi istifadə olunan əşyanın tətbiqilə xuliqanlıq törətmək) cinayət işi qaldırılıb. Sonradan M.Həsənov da saxlanılıb. Lakin bir neçə gündən sonra ev dustaqlığı adı ilə buraxılıb və sonra yenidən həbs olunub.

İnsidentə M.Həsənovun iradları səbəb olub. Belə ki, o, küçədə S.Həziyə yaxınlaşaraq nə üçün Facebook-da ona cavab vermədiyini soruşub. Bundan sonra jurnalistə hücum edərək onu yumruqlayıb. Özünü müdafiə edən S.Həzi cavab zərbəsi endirib.

S.Həzi həbsinin əsl səbəbini Azərbaycan hakimiyyətini sərt tənqid edən “Azərbaycan saatı” İnternet televizya proqramındakı çıxışları ilə izah edib.

XS
SM
MD
LG