Accessibility links

Şimali Koreya ABŞ-ın müharibə elan etdiyini iddia edir


Şimali Koreyanın xarici işlər naziri Ri Yonq Ho
Şimali Koreyanın xarici işlər naziri Ri Yonq Ho

Şimali Koreyanın xarici işlər naziri Ri Yonq Ho deyib ki, Birləşmiş Ştatlar onun ölkəsinə qarşı müharibə elan edib və Pxenyan hədələndiyi təqdirdə Amerikanın döyüş təyyarələrinin vurulması da daxil olmaqla əks-tədbirlər görəcək.

Xarici işlər naziri ABŞ prezidenti Donald Trampın şənbə günü Twitter sosial media platformasında yazdığı şərhləri birbaşa təhlükə ilə əlaqələndirib.

Tramp şənbə günü Rinin BMT-nin Baş Assambleyasındakı çıxışına cavab olaraq Twitter səhifəsində yazıb: “Şimali Koreyanın xarici işlər nazirinin BMT-dəki çıxışını dinlədim. Bu, Balaca Raket Adamın fikirlərinin əks-sədasıdırsa, çox davam etməyəcək!”

Şimali Koreyanın xarici işlər naziri bazar ertəsi günü buna cavab verib.

“Bunu Birləşmiş Ştatların prezidenti kürsüsünü tutan bir nəfərin dediyini nəzərə alsaq, bu, açıq-aydın müharibənin elan edilməsidir”, Ri Nyu Yorkda müxbirlərə bildirib.

“Bütün dünya yadda saxlamalıdır ki, bizim ölkəmizə ABŞ birinci olaraq müharibə elan edib. Bir halda ki Birləşmiş Ştatlar bizim ölkəmizə müharibə elan edir, bizim də ABŞ-ın strateji bombardmançıları ölkəmizin hava hövzəsinə daxil olmadıqda belə onları vurmaq kimi əks tədbirlər görmək hüququmuz var”, Ri sözünə davam edib.

“Trampın müharibə elan etməsi işığında bütün əməliyyatlar üçün variantlar Şimali Koreya Xalq Demokratik Respublikasının ali rəhbərliyinin masası üzərində olacaq”, Ri bildirib.

Bu açıqlamalar keçən həftə BMT-nin Baş Assambleyasının sessiyası və sessiya çərçivəsində Tramp və Şimai Koreya liderləri arasında ritorikanın gücləndiyi bir vaxtdan sonra verilib.

İnsanlar Pxenyanın dəmir yolu stansiyasının yerləşdiyi meydanda ballistik strateji raket sınağının televiziyada görüntülərini izləyir
İnsanlar Pxenyanın dəmir yolu stansiyasının yerləşdiyi meydanda ballistik strateji raket sınağının televiziyada görüntülərini izləyir

Raket adam

ABŞ prezidenti Donald Tramp BMT-nin Baş Assambleyasında çıxışı zamanı Şimali Koreya liderini “raket adam” adlandırıb.

“Birləşmiş Ştatlar böyük gücə və təmkinə malikdir, amma özünü və ya müttəfiqlərini müdafiə etməyə gələndə, bizim Şimali Koreyanı tamamilə məhv etməkdən başqa seçimimiz qalmayacaq. Raket adam özü və rejimi üçün intihar missiyasını həyata keçirir.”

Şimali Koreya lideri Kim Yonq Un buna cavab olaraq açıqladığı bəyanatda Trampı “əqli baxımdan anormal” adlandırıb.

Bu arada, ABŞ-ın müdafiə naziri Cim Mattis deyib ki, Şimali Koreya hədələdiyi kimi hidrogen bombası sınağı keçirsə, bu, “şok doğuran” məsuliyyətsilik olacaq”.

Şimali Koreyanın xarici işlər naziri Ri deyib ki, onun ölkəsi Sakit okean üzərində atmosferdə hidrogen bombası sınağı keçirə bilər.

XS
SM
MD
LG