Accessibility links

Yəməndə husi üsyançılarının hücumuna məruz qalan gəmi Qırmızı dənizdə batıb


Fevralın 27-də çəkilən bu şəkildə Rubymar yük gəmisinin Yəmən sahili yaxınlığında batdığı göstərilir.
Fevralın 27-də çəkilən bu şəkildə Rubymar yük gəmisinin Yəmən sahili yaxınlığında batdığı göstərilir.

Rəsmilər şənbə günü bildirib ki, Yəməndə husi üsyançıları tərəfindən hücuma məruz qalan gəmi günlər sonra batıb. Bu, İranın dəstəklədiyi militantların İsrailin Qəzza zolağında HƏMAS-a qarşı müharibəsi səbəbilə apardığı kampaniyası çərçivəsində tamamilə dağıdılan ilk gəmidir.

Rubymar gəmisinin batması Asiyadan Yaxın Şərq və Avropaya yük və enerji daşımaları üçün mühüm olan su yolunda husilərin hücumlarının gəmiçiliyə təsir göstərdiyi bir vaxta təsadüf edib.

Bir çox gəmi artıq marşrutunu dəyişib. Gəminin batması səbəbilə əlavə gəmilər marşrutlarını dəyişə bilər və bu su yolundan keçən gəmilərin sığorta ödənişləri arta bilər ki, bu da qlobal inflasiyanı artıra və regionda yardımın çatdırılmasına təsir göstərə bilər.

Beliz bayrağı altında üzən Rubymar fevralın 18-də Qırmızı dənizlə Ədən körfəzini birləşdirən mühüm su yolu olan Babül-Mənsəb boğazında husilərin gəmi əleyhinə balistik raketi ilə vurulandan sonra şimala doğru sürüklənirdi.

Yəmənin beynəlxalq ictimaiyyət tərəfidən tanınan hökuməti, habelə bölgədəki hərbi rəsmi gəminin batdığını təsdiqləyib. Rəsmi, insidentlə bağlı jurnalistlərə açıqlama vermək səlahiyyəti olmadığı üçün, adının anonim qalması şərtilə danışıb.

Rubymar-ın Beyrutda fəaliyyət göstərən menecerindən dərhal şərh almaq mümkün olmayıb.

2015-ci ildən bəri Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya tərəfindən dəstəklənən Yəmənin sürgündə olan hökuməti bildirib ki, Rubymar cümə günü axşam saatlarında Qırmızı dənizdə fırtınalı hava şəraiti nəticəsində batıb. Gəmi hücumdan sonra 12 gündür ki tərk edilmişdi, amma onu təhlükəsiz bir limana çəkməklə bağlı planlar qurulmuşdu.

Yanlış bir şəkildə gəminin hücumdan demək olar ki, dərhal sonra batdığını iddia edən husilər indi gəminin batdığını etiraf etməyib.

ABŞ ordusunun Mərkəzi Komandanlığı daha öncə gəmidə daşınan gübrənin, habelə gəmidən sızan yanacağın Qırmızı dənizə ekoloji ziyan vura biləcəyi ilə bağlı xəbərdarlıq edib.

The Associated Press tərəfindən təhlil edilən Planet Labs PBC-nin peyk görüntülərində çərşənbə günü Rubymar-ın yanında başqa kiçik gəmilərin olduğu göstərilib. Həmin gəmilərin kimə məxsus olduğunu dərhal müəyyən etmək olmayıb.

Özəl təhlükəsizlik şirkəti Ambrey cümə günü Rubymar-ın cəlb olunduğu ayrı müəmmalı insidentlə bağlı məlumat yayıb.

“Təhlükəsizlik insidenti zamanı bir sıra yəmənlinin xəsarət aldığı bildirilir,” Ambrey bildirib. Şirkət insidentin nə olduğu barədə əlavə məlumat verməyib və Yəməndə illərdir davam edən müharibədə iştirak edən heç bir tərəf gəmiyə yeni hücum həyata keçirdiyini iddia etməyib.

Üsyançlar noyabr ayından bəri İsrail-HƏMAS müharibəsi səbəbilə Qırmızı dəniz və ətraf sularda dəfələrlə gəmiləri hədəf alıb. Həmin gəmilərdən ən azından biri husilərin əsas dəstəkçisi olan İrana doğru istiqamət alan yük gəmisi, daha sonra isə husilərin nəzarət etdiyi əraziyə yardım daşıyan gəmi olub.

ABŞ-ın başçılığı ilə bir aydan çox müddətdir davam edən hava hücumlarına baxmayaraq, husi üsyançıları hələ də böyük hucumlar həyata keçirmək imkanına malikdir. Buna Rubymar-a hücum və on milyonlarla dollar dəyərində Amerika dronunun vurulması daxildir. Husilər israr edir ki, İsrail Qəzza zolağında döyüş əməliyyatlarını dayandırmayanadək onlar hücumlarına davam edəcək.

Ancaq son günlərdə hücumların sayı azalıb. Bunun səbəbi hələ ki, bəlli deyil.

Forum

XS
SM
MD
LG