Accessibility links

Köklüyə meylli insanların siqaretə qurşanmaq riski daha yüksəkdir


Genetik olaraq köklüyə meylli şəxslərin siqaretə qurşanmaq riski daha böyükdür. Onlar həm də orta həddən çox siqaret çəkməyə meyillidir. BMT alimləri bununla balı araşdırmaların nəticələrini açıqlayıb.

Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyindən (IARC) Dr. Pol Brennan tədqiqat zamanı 70-dək genin araşdırıldığını bildirib. Bu agentlik Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) aiddir, xərçəngin səbəbləri, onun önlənməsinə dair araşdırmalar aparır.

Britaniya Tibb Dərgisində dərc olunmuş araşdırmaya görə, bədənin çəki indeksi (BMI), bədənin piyliliyi, hətta bel çevrəsinin “siqaretə qurşanmaq, daha intensiv siqaret çəkmək riski ilə” əlaqəsi var.

“Köklüyün genetik markerlərinə əsaslanan bu tədqiqat bizə köklüklə siqaret çəkmək vərdişləri arasındakı mürəkkəb əlaqəni daha yaxşı anlamağa kömək edir”, tədqiqatın müəlliflərindən olan Dr.Brennan deyib.

Onun sözlərinə görə, bu əlaqəni daha yaxşı anlamaq adamlara siqaretə tərgitməyə kömək göstərilməsində faydalı ola bilər.

ÜST hər il siqaretdən 7 milyondan çox adamın öldüyünü bildirir.

Bir məsələ də var ki, siqaret çəkənlər çəkməyənlərdən daha arıq olur, bunun da bir səbəbi iştahanın azalmasıdır. Çoxları siqareti tərgidən kimi kökəlməyə başlayır.

“Amma intensiv siqaret çəkənlərin çəkisi daha çoxdur”, – IARC bildirir.

IARC-nin direktoru Kristofer Ualdın dediyinə görə, “siqaretin önlənməsi xərçəng və ürək-damar, diabet kimi digər xroniki xəstəliklərin dünyadakı çəkisini azaltmaq üçün vacibdir”.

O, köklüyün xroniki xəstəliklərin qarşısının alınmasının mümkün səbəbləri arasında öncül yer tutduğunu bildirib.

XS
SM
MD
LG