Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Rusiyaya rəsmi səfəri çərçivəsində mayın 25-də Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinlə də görüşüb.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti bildirir ki, Elmar Məmmədyarov Azərbaycan ilə Rusiya arasında bütün sahələrdə olduğu kimi, parlamentlərarası əlaqələrin də yüksələn xətt üzrə inkişafından məmnunluğunu vurğulayıb. O, 2015-ci ilin 12-28 iyun tarixlərində Bakıda keçiriləcək Birinci Avropa Oyunlarının açılış mərasimində Rusiya prezidenti Vladimir Putinin iştirakının yüksək qiymətləndirildiyini qeyd edib.
Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqlar barəsində məlumat verən nazir Məmmədyarov münaqişənin həllinin artıq yetişdiyini bildirib. Münaqişənin həlli üçün ilk növbədə Ermənistanın silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu deyən nazir mövcud status-kvonun qəbuledilməz və qeyri-davamlı olduğunu deyib. O əlavə edib ki, regionda sülh və sabitliyin bərqərar olması üçün Ermənistan rəhbərliyi destruktiv siyasətindən əl çəkməli və siyasi iradə nümayiş etdirməlidir.
Serqey Narışkin qanunverici orqanlar arasında sıx əlaqələrin iki ölkə arasında əməkdaşlığın və dostluğun möhkəmlənməsinə xidmət etdiyini nəzərə çatdırıb. Sergey Narışkin Birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunacağına əminliyini bildirib.
Serqey Narışkin Rusiyanın Ermənistan-Azərbaycan münaqişənin tezliklə həllində maraqlı tərəf olduğunu qeyd edib.
Görüşdə həmçinin ikitərəfli əməkdaşlıq, beynəlxalq və regional məsələlərə dair fikir mübadiləsi aparılıb.
***
“Biz beynəlxalq və regional məsələləri müzakirə etdik, Qarabağ problemi ilə bağlı ətraflı fikir mübadiləsi apardıq. Rusiya Dağlıq Qarabağ məsələsinin həllinə özünün xarici siyasi prioritetləri sırasında baxır” - deyə Rusiya xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşünün yekunlarına dair mətbuat konfransında bildirib.
İqtisadi münasibətlərə gəlincə, S.Lavrovun sözlərinə görə, iki ölkə arasında ticarət dövriyyəsi ötən il 16% artaraq tarixi maksimuma çatıb. Bu il həmçinin müsbət dinamika müşahdiə edilir”, - RİA Novosti agentliyi S.Lavrovun sözlərindən sitat gətirib.
Öz növbəsində E.Məmmədyarov iqtisadi əlaqələrin uğurlu inkişafı barədə S.Lavrovun fikirlərini dəstəkləyib.
Qarabağ mövzusuna toxunan E.Məmmədyarov deyib ki, bu gün və dünən S.Lavrov ilə münaqişənin nizamlanması yollarını müzakirə edib.
Sonra o qeyd edib ki, Xəzərin statusu məsələsinə də toxunulub. Bununla bağlı Bakı və Moskvanın mövqeyi çox müddəalarda üst-üstə düşür.
***
Moskva danışıqlarında Dağlıq Qarabağ məsələsi fəal müzakirə olunub, məsələ yetişib və onu həll etmək lazımdır.
ITAR TASS agentliyi bildirir ki, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşünün yekunları ilə bağlı deyib.
“Dağlıq Qarabağ münaqişəsi ilə bağlı nikbinlik notlarını mən də bölüşürəm. Mövzu var, problem var, onu həll etmək lazımdır. O, artıq yetişib”, - agentlik Məmmədyaroun sözlərindən sitat gətirib.
Öz növbəsində, S.Lavrov qeyd edib ki, Rusiya Dağlıq Qarabağ məsələsinin həllinə özünün xarici siyasi prioritetləri sırasında baxır.
“Biz münaqişə tərəfləri arasında razılaşmaya nail olunmasına yardm göstərilməsinə öz xarici siyasi prioritetlərimizdən biri kimi baxırıq”, S.Lavrov qeyd edib.
"Qarşılıqlı məqbul razılaşmanın axtarılmasına yardım göstərilməsini davam etdirəcəyik”, o vurğulayıb. Onun sözlərinə görə, münaqişənin çox uzandığını heç kim inkar etmir.
“Razılıq əldə etmək üçün real baza var, hamı bununla razıdır. Hazırda lazımdır ki, bu anlaşma konkret saziş dilinə köçürülsün”, o vurğulayıb.