Accessibility links

AŞPA həmməruzəçiləri Bakını öhdəliklərini yerinə yetirməyə çağırır


 Sezar Florin Predanı və Stefan Şennak
Sezar Florin Predanı və Stefan Şennak

Stefan Şennak və Sezar Florin Preda Bakıya səfərlərinin yekunlarına dair bəyanat yayıb

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Stefan Şennak (Avstriya) və Sezar Florin Preda (Rumıniya) iyunun 12-14-də Bakıda səfərdə olub və səfərin yekunlarına dair bəyanat yayıb. ( http://www.assembly.coe.int/nw/xml/News/News-View-EN.asp?newsid=6696&lang=2&cat=3 )

“Həmməruzəçilər Azərbaycanda insan hüquqlarına əməl edilməsi məsələlərini müzakirə ediblər. 2016-cı ildə “siyasi məhbus” adlandırılan bəzi şəxslərin azadlığa buraxılmasıını alqışlayır və son aylar baş verən yeni həbslərlə bağlı narahatlıqlarını bildirib. Həmməruzəçilər ümidvar olduqlarını bildiriblər ki, 2017-ci ildə daha çox məhbus buraxılacaq”.

Həmməruzəçilər ədalət mühakiməsi sistemi ilə bağlı əvvəlki müzakirələrini davam etdiriblər.

“Bu, həqiqətən müstəqil, qərəzsiz və icra hakimiyyətinin müdaxiləsindən kənar olmalıdır”, onlar vurğulayıb.

Həmməruzəçilər hakimiyyət bölgüsünü əsas prinsip kimi qeyd ediblər və parlamentin icra hakimiyyəti üzərində nəzarət funksiyasının vacibliyinə toxunublar.

“Cinayət mühakiməsi şəffaf, hesabatlı olmalı, təqsirsizlik prezumpsiyasına və bərabər hüquq prinsipinə hörmətlə yanaşılmalıdır”, həmməruzəçilər qeyd edib.

Onlar ölkə prezidentinin təşəbbüsü ilə cinayət siyasətinin humanistləşdirilməsi, alternativ cəza tətbiqi və azadlığın məhdudlaşdırılması tədbirləri üzrə davam edən islahatları alqışlayıb.

Həmçinin vətəndaş cəmiyyətinin fəaliyyətinin təmin edilməsi, assosiasiya azadlığına hörmətlə yanaşılması məqsədilə QHT-lərin fəaliyyətini və maliyyələşdirilməsini tənzimləyən məhdudlaşdırıcı normaların ləğvinin vacibliyi məsələsini qaldırıblar.

Həmməruzəçilər ifadə və KİV azadlığı ilə bağlı narahatlıqlarını bir daha bəyan ediblər.

“Həmməruzəçilər bloger Mehman Qələndərovun ölümü ilə bağlı həbsdə olan şəxslərin hüquqlarının müdafiəsinə görə dövlətin məsuliyyətini qeyd edir, bu ölümün baş vermə şəraitinin effektiv araşdırılmasına çağırır”.

Həmməruzəçilər Mehman Hüseynovun işi ilə bağlı öz narahatlıqlarını bildirib və işin düzgün araşdırılmasına, günahkarların cinayət məsuliyyətinə cəlb edilməsinə çağırıb.

“Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən amansız rəftarla bağlı müraciətlərdən şikayət verilməsi üzrə müstəqil, şəffaf və effektiv sistemin yaradılması çox vacibdir”, həmməruzəçilər qeyd edib.

Gündəlikdə duran digər məsələ Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının, xüsusilə İlqar Məmmədovla bağlı qərarın yerinə yetirilməsidir.

“Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının yerinə yetirilməsi çox vacibdir. Bu, Avropa Şurasının üzvləri üçün çox vacibdir”, - onlar xatırladıblar.

Həmməruzəçilər Bakıda ölkə prezidenti, parlamentin spikeri, ədliyyə naziri, AŞPA-da Azərbaycan nümayəndə heyəti, baş prokurorun müavini, Ali və Konstitusiya məhkəmələrinin sədrləri, Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri və ombudsman aparatının nümayəndələri ilə görüşüb. Həmçinin vətəndaş cəmiyyətinin təmsilçiləri, bu yaxınlarda həbsdən çıxmış şəxslər, hüquqşünaslar, müxalifət partiyalarının nümayəndələri ilə görüşlər olub.

Bundan əlavə, hazırda həbsdə olan şəxslərlə, əsasən İlqar Məmmədov, Məmməd İbrahim, Səid Dadaşbəyli, Mikayıl İdrisov, İlkin Rüstəmzadə, Mehman Hüseynov, bəzi məhbusların ailə üzvlərilə danışıqlar aparıb.

Həmməruzəçilər Azərbaycanda demokratik institutların fəaliyyəti haqda hesabatın ilkin layihəsini bu ilin sentyabrında Monitorinq Komitəsinin iclasına təqdim edəcək. Sənəd 2017-ci ilin oktyabrında sessiyaya çıxarılacaq.

XS
SM
MD
LG