Accessibility links

Vəkil təcridxanada Əfqan Muxtarlı və Gözəl Bayramlı ilə görüşüb


Əfqan Muxtarlı və Gözəl Bayramlı

İyunun 21-də vəkil Elçin Sadıqov 1 saylı Bakı İstintaq Təcridxanasında jurnalist Əfqan Muxtarlı və Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Gözəl Bayramlı ilə görüşüb.

Vəkil facebook səhifəsində bildirib ki, Əfqan Muxtarlının ailəsi ilə telefon əlaqəsi saxlaması üçün telefon nömrəsini ona verməyə imkan verməyiblər.

“Qanunvericilikdə qadağan olunmadığı halda Əfqan Muxtarlının qol saatını əlindən alıb mənə verdilər. Dedilər ki, guya saata icazə verilmir”.

Əfqan Muxtarlı vəkilə bildirib ki, onu yaxşı şəraitdə saxlamırlar.

“Elə şəraitdə saxlayırlar ki, hansısa bir gestapo cəzaçəkmə müəssisəsidir”, vəkil jurnalistə istinadən qeyd edib.

AXCP sədrinin müavini Gözəl Bayramlı isə vəkilə bildirib ki, səhhətində ciddi problemlər yaranıb.

“O çənə oynaqlarında çürümə diaqnozu ilə müalicə olunurdu. Müalicə alması şərtdir. Digər xəstəliklərdən də əziyyət çəkir və qanında da xeyli neqativ hallar aşkarlanıb. Buna baxmayarq ona hələki ciddi tibbi yardım göstərilməyib. Bu gün müraciətimizdən sonra həkim müayinəsindən keçiriləcəyi bildirildi”.

Vəkil hesab edir ki, xüsusilə də Bayramlının kamerada hərəkətsiz qalmağa məcbur olması səhhətində ciddi problemlər yaradıb.

“Bununla yanaşı ruhi baxımdan möhkəmdir.

Amma, çənə oynaqlarındakı ağrılardan, baş ağrısından, ağır revmatizmdən əziyyət çəkir”, o qeyd edib.

Ə.Muxtarlı mayın 29-da Tbilisidə müəmmalı şəkildə yoxa çıxıb və mayın 30-da Bakıda həbs edilib.

O, sərhəddi qanunsuz keçməkdə, qaçaqmalçılıqda, sərhədçiyə müqavimət göstərməkdə ittiham olunur. Jurnalist ittihamları qəbul etmir.

Avropa Parlamenti Ə.Muxtarlının işi üzrə qətnamə qəbul edib və onun azadlığa buraxılmasını tələb edib.

Mayın 25-də AXCP sədrinin müavini G.Bayramlı Gürcüstandan qayıdarkən saxlanılıb.

Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində ona qarşı Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb.

Mayın 26-sı Səbael rayon Məhkəməsinin hökmü ilə Bayramlı 3 ay müddətinə həbs edilib.

Gözəl Bayramlı saxlanmasını siyasi sifariş hesab edir və ittihamı qəbul etmir.

Penitensiar Xidmət vəkilin dediklərinə hələ münasibət bildirməyib.

XS
SM
MD
LG