Accessibility links

Avropa Məhkəməsi 8 jurnalistin şikayətləri üzrə kommunikasiyaya başlayıb


Avropa İnsan Hüquqları Məhkəməsi
Avropa İnsan Hüquqları Məhkəməsi

Jurnalistlər işgəncəyə məruz qalma və ifadə azadlığı ilə bağlı şikayət edib

Avropa İnsan Hüquqları Məhkəməsi 2008-2015-ci illərdə müxtəlif vaxtlarda zorakılığa məruz qalmış jurnalistlər - Zamin Hacı, Əfqan Muxtarlı, Həkimeldostu Mehdiyev, İlqar Nəsibov, Ramid İbrahimov, Ehtimad Budaqov, İdrak Abbasov, Tapdıq Fərhadoğlunun Azərbaycana qarşı şikayətləri üzrə kommunikasiyaya başlayıb.

Bu barədə vəkil Fariz Namazlı Facebook səhifəsində yazıb.

Məhkəmə Konvensiyanın 3-cü (işgəncəyə məruz qalmamaq hüququ) və 10 (ifadə azadlığı hüququ) maddələrinin pozuntusu ilə bağlı hökümətə suallar ünvanlayıb. İlk 7 ərizəçinin hüquqlarını Rəşid Hacılı, Tapdıq Fərhadoğlunun hüquqlarınl isə Samirə Ağayeva qoruyur.

Zamin Hacı 2008-ci ildə Akif Nağını əkə adlandırdığına görə onun və daha 3 nəfər şəxs tərəfindən döyülmüşdü, Cinayət Məcəlləsinin 163-cü maddəsi ilə cinayət işi açılsa da, sonradan həmin 3 nəfərin tapılmaması əsası ilə icraat dayandırılıb və hər hansı istintaq hərəkətləri aparılmayıb.

Əfqan Muxtarlı 2009-cu ildə Bakıda İsrail səfirliyinin qarşısında Yasamal rayon Polis İdarəsinin əməkdaşları tərəfindən döyülüb, onun xəsarət alması ilə bağlı sənədlər olsa da cinayət işinin başlanması rədd edilib.

Həkimeldostu Mehdiyev 2009-cu ildə Naxçıvanda Ümid Partiyasının keçirdiyi aksiya zamanı tanımadığı şəxs tərəfindən döyülüb, lakin hadisə hüquq mühafizə orqanları tərəfindən araşdırılmayıb.

İlqar Nəsibov 2009-cu ildə Naxçıvan Dövlət Universitetinin tələbələri tərəfindən döyülüb, lakin hər hansı cinayət işi açılmayıb.

Ramid İbrahimov 2011-ci ildə Prezident Administrasiyasının qarşısında jurnalist vəzifəsini icra edən zaman polis əməkdaşları tərəfindən döyülüb, yenə də cinayət işi başlanmayıb.

Etimad Budaqov 2012-ci ildə Şəmsi Bədəlbəyli küçəsində evlərin dağıdılması zamanı polis zorakılığına məruz qalıb, lakin cinayət işi başlanmayıb.

İdrak Abbasov 2012-ci ildə Sulutəpədə ARDNŞ-in əməkdaşları tərəfindən döyülüb, döyülməsi ilə bağlı effektiv araşdırma aparılmayıb.

Tapdıq Fərhadoğlu (Quliyev) 2014-cü ildə Bakı Dövlət Universitetinin tələbələrinin aksiyasını işıqlandıran zaman döyülüb, bu iş də araşdırılmayıb.

XS
SM
MD
LG