Accessibility links

AXCP fəalına 30 sutka həbs verilib [Yenilənib]


AXCP
AXCP

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Natiq Kazımov Abşeron rayon Məhkəməsinin qərarı ilə inzibati qaydada 30 sutka həbsə məhkum edilib.

Bu barədə vəkil Əsabəli Mustafayev Amerikanın Səsinə bildirib.

Vəkilin dediyinə görə, AXCP fəalı N.Kazımov İnzibati Xətalar Məcəlləsinin polisin qanuni tələbinə tabe olmamaq maddəsi ilə günahlandırılıb.

Ə.Mustafayev fəalın saxlanılması barədə polisdən hər hansı məlumat əldə edə bilməyib.

Yalnız Ombudsman Aparatı vasitəsilə Kazımovun 30 sutka inzibati qaydada həbs edildiyini öyrəndiyini deyib.

Vəkil bundan sonra digər hüquqi addımların atılacağını bildirib.

Ə.Mustafayev polisə çağırıldığı bildirilən başqa fəal Rəşid Fərəcli ilə bağlı hələ xəbər əldə edə bilmədiyini deyib.

***

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Natiq Kazımov və Binəqədi rayon şöbəsinin üzvü Rəşid Fərəcli yanvarın 4-də polisə çağrılıb. Bu barədə AXCP-nin məlumatında deyilir.

Məlumatda deyilir ki, N.Kazımov Abşeron payon Polis İdarəsinə, R.Fərəcli isə Bakı Şəhər Baş Polis İdarəsinə çağrılıb.

Partiyadan bildirildiyinə görə, N.Kazımov yaşadığı Qobu qəsəbəsi ərazisində olan qaz probleminə görə sakinlərə dekabrın 29-da qaz idarəsinə şikayətə getməyi təklif edib. O, buna görə dekabrın 31-də polis tərəfindən saxlanılıb və sonra azad buraxılıb.

AXCP Binəqədi rayon şöbəsinin üzvi R.Fərəclinin yaxın dostları isə onun sosial şəbəkələrdəki fəallığı üzündən Bakı Şəhər Baş Polis İdarəsinə çağırıldığını deyirlər.

Gənclərin yanvarın 4-də polisdə dindirildikləri bildirilir.

Partiyadan onu da deyiblər ki, hər iki fəal bu gün, yanvarın 5-də yenə də polis idarəsinə dəvət edilib.

AXCP-nin məlumatına hələ polis orqanları münasibət bildirməyib.

XS
SM
MD
LG