Accessibility links

Avropa Məhkəməsi Azərbaycanla bağlı 2 qərarını elan edib


Avropa İnsan Hüquqları Məhkəməsi
Avropa İnsan Hüquqları Məhkəməsi

Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycanla bağlı 2 qərarını elan edib.

Məhkəmənin saytında qeyd edilir ki, 1-ci iş hüquqşünas Ənnağı Hacıbəyli və hüquq müdafiəçisi İntiqam Əliyevin Vəkillər Kollegiyasına üzv qəbul edilə bilməməsi ilə bağlı verilən şikayətdir.

Avropa Məhkəməsi bu işdə Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu (ifadə azadlığı) maddəsinin pozulduğunu, 6-cı (ədalətli məhkəmə araşdırılması hüququ) maddə üzrə ayrıca araşdırmaya ehtiyac olmadığını, həmçinin hökümətin 34-cü maddə (fərdi şikayətlər) üzrə öhdəliklərini yerinə yetirmədiyini müəyyən edib.

Avropa məhkəməsi 34-cü maddə üzrə pozuntunu onunla izah edir ki, İ.Əliyev 2014-cü ilin avqust ayında həbs edilərkən onun ofisində Baş Prokurorluğun əməkdaşları Avropa məhkəməsində olan işlər üzrə sənədləri aparıb.

Məhkəmə hər bir ərizəçiyə mənəvi zərərə görə 7500 avro, Ə.Hacıbəyliyə məhkəmə məsrəflərinə görə 2500 avro ödənilməsinə qərar verib.

İntiqam Əliyev 2014-cü il avqustun 8-də həbs olunub. O, vergidən yayınmaqda, vəzifə səlahiyyətindən sui-istifadədə və qanunsuz sahibkarlıqda ittiham olunub. Sonradan ona qarşı mənimsəmə və vəzifə saxtakarlığı üzrə ittihamlar irəli sürülüb.

İ.Əliyev bütün ittihamları rədd edərək onları siyasi motivli sayır.

Amnesty İnternational İ.Əliyevi “vicdan məhbusu” elan edib.

2016-cı ilin martında ona qarşı Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunub və barəsində 5 il şərti cəza müəyyən edilməklə azadlığa buraxılıb.

İkinci iş isə hüquq müdafiəçisi Anar Məmmədlinin 2013-cü ilin 16 dekabrında tutulması, barəsində həbs qətimkan tədbirinin seçilməsi, həmin müddətin uzadılmasına dairdir.

Avropa Məhkəməsi bu işdə Konvensiyanın 5.1 və 5.4-cü (azadlıq hüququ) maddələrinin, həmçinin 18-ci maddəsinin (hüquqların siyasi məqsədlərə görə məhdudlaşdırılması) pozuntusunu tanıyıb, 5.3-cü maddə üzrə şikayətin ayrıca araşdırılmasına ehtiyacın olmasını bildirib.

Məhkəmə mənəvi zərərə görə 20000 avro, məhkəmə məsrəflərinə görə 2500 avro kompensasiya müəyyən edib.

Anar Məmmədli 2013-cü il dekabrın 17-də həbs edilib. O, qanunsuz sahibkarlıq, vəzifəsindən sui-istifadə və vergidən yayınma ittihamları ilə 5 il yarım azadlıqdan məhrum edib.

"Amnesty International" təşkilatı Anar Məmmədlini "vicdan məhbusu" elan edib. O 2016-cı il martın 17-də əfv fərmanı ilə azadlığa çıxıb.

XS
SM
MD
LG