Accessibility links

Vətəndaş cəmiyyəti fəalların oğurlanmasına son qoyulmasını tələb edir


Müraciəti 130-a yaxın fəal, hüquq müdafiəçisi, jurnalist, bloger imzalayıb

Vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət bir qrup hüquqşünas Emin Aslanovun (Aslan) saxlanması ilə bağlı narahatlığını bildirib.

Müraciətdə deyilir ki, Sirakuza Universitetinin (ABŞ) hüquq fakültəsinin məzunu E.Aslanov iyunun 4-də “Park-Bulvar”ın qarşısında saxlanılıb.

Mülki geyimli üç nəfər heç bir açıqlama vermədən E.Aslanovu90 XG 017 nömrə nişanlı avtomobilə oturdaraq naməlum istiqamətə aparıblar.

Dərhal bu barədə DİN-in 102 xidmətinə məlumat verilib. Ancaq bir sutka keçməsinə baxmayaraq, onu kimin saxladığı və harada saxlandığı məlum deyil.

E.Aslanovun yaxınları vəkil Elçin Sadıqovla müqavilə bağlasalar da vəkil öz işinə başlaya bilmir.

Vəkilin və E.Aslanovun yaxınlarının hüquq-mühafizə orqanlarına, DİN-in qaynar xəttinə telefon zəngləri cavabsız qalır.

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, sözügedən avtomobil DİN Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməkdaşına məxsusdur.

Müraciət müəllifləri qeyd edirlər ki, E.Aslanov bir sıra təşkilatlarda hüquqşünas işləyib, Avropa İnsan Hüquqları Məhkəməsinə şikayətlərin hazırlanmasında iştirak edib. O, iki il ABŞ-da magistraturada təhsil alıb, cəmi 4 gündür ki, Bakıya qayıdıb.

Müraciət müəllifləri hüquq-mühafizə orqanlarının rəhbərlərindən E.Aslanovun harada saxlanması barədə dərhal onun yaxınlarına, vəkilinə və ictimaiyyətə məlumat verilməsini, təqsirkar şəxslərin cəzalandırılmasını tələb edirlər.

“Biz Emin Aslanovu bu ölkənin peşəkar hüquqçu və bu ölkənin ən ləyaqətli gənclərindən biri kimi tanıyır, bütün məsuliyyəti ilə bildiririk ki, o, heç bir cinayət törətməyib. Bu həbsin arxasında peşə və ictimai fəaliyyətindən dolayı siyasi motivlər dayanır”, - müraciətdə deyilir.

Sənəd müəllifləri daha çox vəkili E.Aslanovun müdafiəsinə qoşulmağa çağırırlar və siyasi motivli həbslərə son qoyulmasını tələb edirlər.

Müraciəti 130-a yaxın fəal, hüquq müdafiəçisi, jurnalist, bloger imzalayıb.

Onların arasında İntiqam Əliyev, Anar Məmmədli, Rəsul Cəfərov, Samir Kazımlı, Bəşir Süleymanlı, Oqtay Gülalıyev, jurnalist Xədicə İsmayılova, Rövşən Hacıbəyli, Şahvələd Çobanoğlu, siyasətçilər İsa Qəmbər, Cəmil Həsənli, Elman Fəttah, hüquqşünaslar Erkin Qədirli, Ənnağı Hacıbəyli, Əlaif Həsənov və başqaları var.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG