Accessibility links

Elmar Məmmədyarov Minskdə keçirilən qeyri-rəsmi toplantıda çıxış edib


Elmar Məmmədyarov
Elmar Məmmədyarov

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının (Aİ) “Şərq Tərəfdaşlığı” ölkələrinin xarici işlər nazirlərinin Minskdə keçirilən qeyri-rəsmi toplantısında çıxış edib.

Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin məlumına görə, Elmar Məmmədyarov 2017-ci ili Aİ-Azərbaycan əlaqələrinin inkişafında dönüş ili adlandırıb. O, ötən il Azərbaycan prezidentinin Brüsselə səfər etdiyini və bununla da Aİ və Azərbaycan arasında yeni saziş üzrə danışıqların rəsmən başladıldığını xatırladıb.

Elmar Məmmədyarov Aİ ilə Azərbaycan arasında viza liberallaşdırması məsələsinə də toxunub və bu sahədə əməkdaşlıq imkanlarını qeyd edib. O, Dağlıq Qarabağ münaqişəsindən danışaraq “Şərq Tərəfdaşlığı” çərçivəsində bu qəbildən olan real təhlükəsizlik təhdidlərinin əməkdaşlığa ciddi xələl gətirdiyini deyib.

“Ermənistan sülhdən danışırsa, təhlükəsizliyə də öhdəlik daşımalıdır və öz qoşunlarını Azərbaycan torpaqlarından çıxarmalıdır”.

İnsanlararası təmas məsələsinə toxunan nazir bildirib ki, Azərbaycan Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının əlaqələrinin təşviq edilməsini dəstəkləyir.

Azərbaycanla Ermənistan artıq 30 ilə yaxındır ki, münaqişə şəraitindədir.

1990-cı illlərin əvvəlində gedən hərbi əməliyyatlarla Ermənistan Azərbaycanın Dağlıq Qarabağ regionu və ətrafda olan 7 rayonu işğal edib.

Tərəflər 1994-cü ildə atəşkəs razılaşması imzalasalar da, hələlik danışıqlar yekun sülh razılaşmasına gətirib çıxarmayıb.Danışıqlar ATƏT-in Minski qrupu çərçivəsində aparılır.ABŞ, Rusiya və Fransa qrupda həmsədrlərdir.

İyunun 21-də Belarusda “Şərq Tərəfdaşlığı” ölkələri xarici işlər nazirlərinin qeyri-formal görüşü keçirilir. Minskdə keçirilən toplantı bu gün, iyunun 22-də başa çatır.

"Şərq Tərəfdaşlığı" proqramına Azərbaycanla yanaşı, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukrayna daxildir.Bu ölkələrdən Gürcüstan, Moldova və Ukrayna qurumla çərçivə sazişi imzalayıb.2017-ci ildə isə Ermənistanla Avropa İttifaqı arasında tərəfdaşlıq sazişi imzalanıb. Azərbaycanla belə danışıqlar hələ ki davam edir.

XS
SM
MD
LG