Accessibility links

Elmar Vəliyev Gəncə Şəhər İcra Hakimiyyəti başçısı vəzifəsindən azad edilib


Elmar Vəliyev

Elmar Vəliyev Gəncə Şəhər İcra Hakimiyyəti başçısı vəzifəsindən azad edilib.

Azərbaycan prezidenti İlham Əliyev bununla bağlı avqustun 28-də sərəncam imzalayıb.

Prezidentin başqa sərəncamı ilə Niyazi Bayramov Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.

Niyazi Bayramov bundan öncə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

Bu il iyulun 3-ə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis serjantına silahlı sui-qəsd olub. Nəticədə Elmar Vəliyev və polis serjantı ağır bədən xəsarəti alıb və hazırda müalicəsi davam etdirilir.

Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib. Bundan sonra sosial şəbəkələrdə iyulun 10-da Gəncədə aksiya keçirilməsi ilə bağlı məlumatlar yayılıb.

Rəsmi məlumata görə, iyulun 10-da Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada yüksək rütbəli polis zabitləri - İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetirilib.

Bu hadisələr ilə bağlı 60-dan çox şəxsin həbs olunduğu bildirilir. Hüquq-mühafizə orqanlarının iddiasına görə, daha 5 silahlı şəxs isə öldürülüb.

XS
SM
MD
LG