Sentyabrın 6-da Moskvanın Lyuberetski rayonunda talış separatçısı kimi tanınan Fəxrəddin Aboszoda (Abbasov Fəxrəddin Fərman oğlu) həbs edilib.
Turan agentliyinin məlumatına görə onun barəsində Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən Cinayət Məvəlləsinin 281.2, 283.1-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətmək (ayrı-seçkilik salma və dövlətçiliyə qarşı çağırış) ittihamı ilə axtarış elan olunub.
Sentyabrın 7-də Moskvanın Lyuberetski məhkəməsi onu bir ay müddətinə həbs edib.
Aboszodaya qarşı cinayət işi 12 iyul 2018-ci il tarixində Bakı şəhəri Səbael Rayon Məhkəməsi tərəfindən açılıb və onun barəsində İnterpol xətti ilə beynəlxalq axtarış elan olunub.
1994-cü ilə qədər Fəxrəddin Aboszoda Bakı Dövlət Universitetində dərs deyib, 1993-cü ildə Azərbaycan Respublikasının cənubunda bölücülüyə çağırış edən qanunsuz silahlı dəstənin elan etdiyi “Talış Muğan Respublikası parlamentinin” sədri olub.
1994-cü ildə Rusiyaya mühacirət edib. 2005-ci ildə Azərbaycana qayıdıb və talış dilində qəzet buraxmağa başlayıb, amma yenidən Rusiyaya gedib.
2010-cu ilin sentyabrında Rusiya hakimiyyəti ona müvəqqəti sığınacaq verib, 2014-cü ildə isə o, xarici vətəndaşlıq üçün oturum izni alıb.
Qeyd edək ki, Aboszoda Azərbaycan əleyhinə çıxışları ilə tanınır, Bakını talışların assimilyasiyasında ittiham edirdi. O, həmçinin tez-tez erməni mətbuatında çıxış edir, Azərbaycanı Qarabağın erməni əhalisinin hüquqlarını pozmaqda ittiham edirdi.